Salyan -Lənkəran-Masallı bölgələri istiqamətində “Cənub mirvarisi” adlı infotur başa çatmışdır
Bakı, 9 dekabr (AZƏRTAC). Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Salyan-Lənkəran -Masallı bölgələri istiqamətində “Cənub mirvarisi” adlı iki günlük infotur dekabrın 8-də başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Vektor” turizm şirkətinin və Masallı rayonundakı “Viləş” mehmanxanasının təşkilatçılığı ilə keçirilən infoturda 24 turizm şirkətinin və 15-dək KİV-in nümayəndələri iştirak etmişlər.
İnfoturun məqsədi ölkə rəhbərliyinin regionların sosial-iqtisadi inkişafı istiqamətində reallaşdırdığı tədbirlərin nəticəsi olaraq bölgələrdə yaradılan və müasir standartlara cavab verən, yerli və xarici turistlərə xidmət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərini, eləcə də turistlərin asudə vaxtlarının səmərəli təşkili üçün mövcud olan digər xidmət sahələrini turizm şirkətlərinə təqdim etməkdir.
Layihə çərçivəsində turizm potensialı ilə zəngin olan cənub bölgəsinin təbii, mədəni və tarixi irsini, həmçinin milli folklor nümunələrini turizm şirkətləri və media vasitəsilə bir daha tanıtmaq və təşviq etmək imkanı yaradılmışdır.
İnfoturun iştirakçıları sonuncu gün Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olmuşlar. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirmişdir ki, muzey Əməkdar Müəllim, SSRİ Maarif Əlaçısı, Əmək və Böyük Vətən Müharibəsi veteranı Rəhim Tağıyevin gərgin əməyi sayəsində yaradılmışdır. 1963-1977-ci illərdə ictimai əsaslarla fəaliyyət göstərmiş muzey 1978-ci ildə dövlət statusu almışdır.
İnfotur iştirakçılarına muzeydəki eksponatlar barədə ətraflı məlumat verilmişdir.
Qonaqlar Masallı rayonundakı XVI əsrə aid ölkə əhəmiyyətli tarixi abidə olan “İmamzadə” ziyarətgahını da ziyarət etmişlər.
Sonra infotur iştirakçıları Salyan rayonuna gəlmişlər. Onlar Heydər Əliyev Mərkəzini ziyarət etmiş, burada fəaliyyət göstərən dərnəklər barədə məlumat almışlar.
Bununla da “Cənub mirvarisi” infoturu başa çatmışdır.