REGİONLAR
Salyanda balıq populyasiyasına ziyan vuran qanunsuz ov qurğuları zərərsizləşdirilib VİDEO
Salyan, 1 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonu ərazisində yerləşən su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri aparılıb. Balıq populyasiyasına ciddi təhlükə törədən qanunsuz ov qurğuları zərərsizləşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, brakonyerliyə qarşı keçirilən mübarizə tədbirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Balıqçılar İttifaqının birgə təşəbbüsü ilə gerçəkləşib. Balıq populyasiyası nəzərə alınaraq mübarizə tədbiri əsasən su hövzələrinin Xəzər dənizinə birləşən hissəsində aparılıb. Baş Şirvan kollektorunun dənizə tökülən hissəsində aşkar edilən müxtəlif növ sintetik torlar və digər qanunsuz ov qurğuları sudan kənarlaşdırılıb və yandırma yolu ilə zərərsizləşdirilib.
Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, ittifaq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində balıqların populyasiyasına təhlükə olan amillərə qarşı mübarizə aparılır. Nəticədə ölkə ərazisindəki su hövzələrində olan qanunsuz balıq ovu aradan qaldırılır. Bu istiqamətdə mübarizə davam edəcək. Təkcə ötən il aparılan mübarizə onu göstərir ki, Azərbaycanda balıq populyasiyasını bu şəkildə artırmaq mümkündür. Mübarizənin effekti də artıq nəzərə çarpır. Belə ki, bu il kütüm balığının qiyməti 11 manat təşkil edir. Lakin ötən il kütüm balığının qiyməti 18-20 manat idi. Qiymətin ucuzlaşması ötən illə müqayisədə su hövzələrində balığın çoxalmasından irəli gəlir.
“Həvəskar və sənaye balıqçılığı ilə məşğul olan şirkətlərə, fiziki şəxslərə müraciət edirik ki, balığın populyasiyası üçün birgə işlər görmək lazımdır. Sevindirici haldır ki, təbiətin qorunmasının vacibliyinin fərqində olan hər kəs ümumi işə öz töhfəsini verməyə çalışır. Azərbaycanda balıqların populyasiyası xeyli azalıb. Ölkəmizdə bir başa dənizə birləşən su hövzələrinin qarşısını kəsən qurğuları təmizləsək, balıqların kürüləmə vaxtı şirin sulara rahat şəkildə gəlməsi və kürü tökməsi də asanlaşar. Bu da populyasiyaya müsbət təsir edir”, - deyə Əfqan Əliyev bildirib.