Salyanlı gənclər rayonda həyata keçirilən ekoloji layihədə fəal iştirak edirlər
Salyan, 6 iyun (AZƏRTAC). Dövrümüzdə ətraf mühitin mühafizəsi bəşəriyyəti düşündürən qlobal problemlərdəndir.
Respublikamızda bu sahədə maarifləndirmə işinin gücləndirilməsi, yeni təşəbbüslərin dəstəklənməsi nəticəsində əldə olunan nəticələr deməyə imkan verir ki, iri şəhərlərlə yanaşı, bölgələrdə, ayrı-ayrı yaşayış məntəqələrində də ekoloji məsələlərə ciddi yanaşılır.
AZƏRTAC xəbər verir ki, Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin icrasını davam etdirdiyi “Ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması istiqamətində Salyan rayon gənclərinin təşəbbüslərinin dəstəklənməsi” layihəsinə maraq böyükdür.
Rayonun təhsil müəssisələri layihənin icrası zamanı nəzərdə tutulan tədbirlərdə yaxından iştirak edirlər. Layihə çərçivəsində təhsil müəssisələrində ekoloji mövzuda dialoq-seminarlar çox yüksək səviyyədə, həm də yerli icra orqanlarının və bələdiyyə üzvlərinin iştirakı ilə keçirilir.
Mütəmadi keçirilən tədbirlərdə daha çox yerli əhəmiyyətli faktlardan istifadə olunmaqla uşaqlara izah edilir ki, ətraf mühitin qorunmasına münasibət hər kəsin həyat amalı olmalı, təbiətin bəxş etdiyi biomüxtəlifliyin qorunmasında hamı bir nəfər kimi səyini əsirgəməməlidir.
Rayonun bir çox məktəblərində ekoloji tamaşalar göstərilmiş, “Təbiəti qoruyaq” adlı foto və rəsm müsabiqəsi təşkil edilmiş, müxtəlif tədbirlər göstərilmişdir.
İctimai Birlik məktəbli rəssamların təbiətlə birbaşa təmasda olması üçün onları şəhər mərkəzindən xeyli uzaqda yerləşən Şirvan Milli Parkına aparmış, səfər zamanı çəkilmiş rəsmlərdən ibarət sərgi təşkil etmişdir. Həvəskar rəssamların bu sərgisinin açılışı 22 may-Beynəlxalq Biomüxtəliflik Gününə, bağlanışı isə 5 iyun - Ətraf Mühitin Mühafizəsi Gününə təsadüf etmişdir.
Rayondakı Qulu Əsgərov adına incəsənət məktəbinin xor kollektivi doğma Azərbaycanımızın təbiətini, baharın gəlişini vəsf edən mahnılar oxumaqla yaşıdlarının təbiətə olan münasibətində yeni baxış formalaşdırmağa, ətraf mühitin və sağlamlığın qorunması işində onları da fəal iştirakçı olmağa səsləmişlər.