Şamaxı Astrofizika Rəsədxanasında “Yay düşərgəsi” təşkil olunub
Bakı, 19 iyul, AZƏRTAC
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Yay düşərgəsi” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, düşərgədə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Füzuli, Yevlax, Beyləqan, Salyan, Neftçala və Sabirabaddan olan 40 şəhid və qazi övladı iştirak edib.
Düşərgə rəsədxana əməkdaşı Sərxan Bağırlının rəhbərlik etdiyi “Əmanət - şəhid və qazi övladlarının fərdi inkişafına dəstək” layihəsinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi ilə əməkdaşlığı çərçivəsində reallaşıb.
Təşəbbüsün məqsədi vətən əmanəti olan şəhid və qazi övladlarının yay tətilini səmərəli keçirməsi üçün onların əyləncəli və maarifləndirici mədəni istirahətinin təşkilidir.
Müxtəlif tədbirlər və ekskursiyalarla zəngin düşərgə çərçivəsində iştirakçılar ilk öncə peşəkar bələdçilərin müşayiəti ilə Şamaxı Astrofizika Rəsədxanasının infrastrukturu ilə tanış olub. Rəsədxananın muzeyində olan şəhid və qazi övladlarına buradakı eksponatlar haqqında ətraflı məlumat verilib. Müxtəlif meteorit nümunələri, 2 metrlik teleskopun ilkin idarəetmə qurğusu və digər eksponatlar iştirakçıların marağına səbəb olub.
Daha sonra rəsədxananın konfrans zalında iştirakçılara seminar təşkil olunub. Tədbir çərçivəsində rəsədxana əməkdaşları Əminə Hümbətova “Günəş sistemi cisimləri”, Aynur Abdulkərimova isə “İnsan və kosmos” mövzusunda maraqlı məruzələrini iştirakçılara təqdim ediblər. Məruzələr azyaşlı qonaqlar tərəfindən maraqla qarşılanıb və onları maraqlandıran suallar cavablandırılıb.
Ekskursiya iştirakçıları rəsədxananın teleskopları ilə də tanış edilib. Altı günlük yay düşərgəsi çərçivəsində Şamaxının Dəmirçi kəndinə və Qəbələ rayonu Nohurgölə maraqlı ekskursiyalar da təşkil edilib.
Düşərgə boyunca şəhid və qazi övladlarına Kamal Yaşarın iştirakı ilə qiraət saatları təşkil edilib.
Şəhid və qazi övladları üçün təşkil edilmiş yay düşərgəsinin son günündə iştirakçılar sertifikatlarla təltif olunub.
Qeyd edək ki, “Əmanət - şəhid və qazi övladlarının fərdi inkişafına dəstək” layihəsi ötən ilin noyabr ayından fəaliyyət göstərir.