Şamaxıda veteran güləşçi Oleq Krapivin ilə görüş keçirilib
Şamaxı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Şamaxıdakı Heydər Əliyev Mərkəzində Əməkdar bədən tərbiyəsi və idman xadimi, veteran güləşçi Oleq Krapivinin anadan olmasının ildönümü münasibətilə onunla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə görüş iştirakçıları ulu öndər Heydər Əliyevin Şamaxının mərkəzində ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.
Çıxış edən Şamaxı rayon icra başçısının müavini Gülnisə Ələkbərova ölkəmizdə idmana göstərilən dövlət qayğısı və şamaxılı idmançıların qazandığı nailiyyətlər barədə danışıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran G.Ələkbərova O.Krapivinin idmanda qazandığı nailiyyətlərdən əlavə yüksək insani keyfiyyətləri barədə də məlumat verib.
O.Krapivinin yeni nəsil güləşçilərin yetişməsində xüsusi rol oynadığını diqqətə çatdıran Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov Şamaxıda güləşçilərin yaxşı hazırlıq keçməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.
Bildirib ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, idmanda, o cümlədən güləşdə inkişaf hiss olunur. Bütün bu uğurlar ölkədə aparılan uğurlu idman siyasətinin nəticəsidir. Respublikamız irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Bunlardan ilk Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Ümumdünya Şahmat Olimpiadası, Formula 1 yarışlarını misal göstərmək olar.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev O.Krapivinin ölkədə güləşin inkişafı istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildirən N.Abdullayev pəhləvanlarımızın beynəlxalq arenada yüksək səviyyədə çıxış etdiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər də səbəbkarın yüksək insani keyfiyyətlərindən danışıb, onun həmişə güləşçilərin yanında olduğunu, idmanın bu növünün inkişafına töhfə verdiyini və onun şərəfinə həsr olunan turnirin təşkilinin artıq ənənəyə çevrildiyi söyləyiblər.
Sonda O.Krapivin xoş sözlərə görə minnətdarlığını bildirib və həmişə ölkəmizdə idmanın inkişafında yaxından iştirak edəcəyini vurğulayıb.