SİYASƏT
Şamil Ayrım: Azərbaycanda hər seçki beynəlxalq standartlara uyğun keçirilir
Bakı, 6 fevral, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu olaraq bu gün parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfərə gəldik. Biz 2000-ci ildən bu günə qədər Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi kimi iştirak edirik. Müşahidələrimizə əsasən deyə bilərik ki, Azərbaycanda hər seçki beynəlxalq standartlara uyğun şəkildə keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
Dostluq qrupunun rəhbəri son vaxtlar Azərbaycanda gənc kadrların yüksək vəzifələrə təyin olunmasını əhəmiyyətli addım kimi qiymətləndirərək bildirib ki, bu, gəncləri parlament seçkilərində namizədliklərini irəli sürmələrinə ruhlandırıb.
Vətəndaşların seçkiyə olan marağını yüksək dəyərləndirən dostluq qrupunun rəhbəri deyib: “İndiyə qədər Azərbaycanda baş tutan seçkilərdə heç bir qanunazidd addımla qarşılaşmamışam. Mən seçkiləri beynəlxalq müşahidəçilərlə birlikdə izləmişəm. Bu da önəmli amillərdən biridir.
Sabahdan seçki məntəqələri ilə tanış olacaqlarını vurğulayan Şamil Ayrım səsvermə günü də müşahidələrini davam etdirəcəklərini bildirərək deyib: “Sonda müşahidələrimizin yekunlarına dair fikirlərimizi bildirəcəyik. Bu seçkilərdən sonra daha səmərəli fəaliyyət göstərəcək parlamentin formalaşacağını düşünürük. Azərbaycan dövləti və xalqı üçün xeyirli olmasını arzulayıram”.