Samir Babayev: Gələn ilin mayında Qarabağda böyük tibb konfransı keçiriləcək VİDEO
Ayzenax, 25 oktyabr, AZƏRTAC
Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) altıncı illik konfransında iştirak etmək və Qarabağ Universitetini təmsil etmək mənim üçün şərəfdir.
Bunu AZƏRTAC-a açıqlamasında Qarabağ Universiteti Klinikasının baş direktoru və universitetin Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Samir Babayev deyib.
Konfransda Qarabağ Universitetində qısa müddətdə tibb təhsilinin inkişafı istiqamətində görülən işlər, yeni proqramlar və tədqiqat işləri, eyni zamanda, yaradılan xidmətlər barədə məlumat verdiyini vurğulayan S.Babayev bildirib: "Bu gün Qarabağda təkcə bir klinika və fakültə qurmuruq, Azərbaycanın səhiyyə sisteminin inkişafına töhfə verməyə, regionda yaşayan vətəndaşlarımız üçün keyfiyyətli xidmət təşkil etməyə çalışırıq. Bizim 200 çarpayılıq xəstəxana kompleksimiz var. Düzdür, hazırda o, 70 çarpayı həcmində fəaliyyətə başlayıb. İlkin mərhələdə ambulator xidmətlərlə fəaliyyətə start vermişik. Təcili tibbi yardım komandamız da işə başlayır və yaxın zamanda bu sistemimiz dünya standartları səviyyəsinə çatdırılacaq. Eyni zamanda, əməliyyatxanalar müasir tələblərə uyğunlaşdırılıb, laboratoriyamız, eləcə də bütün müasir vizuallaşdırma – KT və MRT xidmətlərimiz fəaliyyət göstərir. Vacib məsələlərdən biri də odur ki, biz artıq bir neçə həftədir universitet xəstəxanası kimi İcbari Tibbi Sığorta sisteminə qoşulmuşuq. Region sakinləri bizə birbaşa, göndəriş olmadan müraciət edə bilirlər. Gündəlik qəbul edilən pasiyent sayı artıq bir neçə yüzə çatır. Qısacası, məqsədimiz təkcə regionda xidmət göstərmək deyil, eyni zamanda, gələcək nəsil həkimlər, stomatoloqlar, əczaçılar və tibb personalı yetişdirməkdir".
Qarabağ Universitetində həyata keçirilən layihələrdə xaricdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərlə sıx əməkdaşlıq edildiyini deyən dekan S.Babayev əlavə edib: "Xaricdə çalışan azərbaycanlı həkimlər arasında dərs panellərimizə qatılanlar var. Gələn il mayın 28-dən 30-dək böyük tibb konfransı - Qarabağ Tibb Konfransını təşkil edəcəyik. Bu tədbir Qarabağ Universitetinin və Amerika-Azərbaycan Tibb Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək. Eyni zamanda, Almaniyadan olan həmkarlarımızı da təşkilati işlərə cəlb etmək niyyətindəyik. Çalışırıq ki, onlar həm də iştirakçı kimi tədbirdə təmsil olunsunlar və konfransın işinə öz töhfələrini versinlər".