SAMİR ƏSGƏRXANOV ADINA MÜSABİQƏYƏ YEKUN VURULMUŞDUR
Milli təhlükəsizlik naziri general-polkovnik Namiq Abbasov bu münasibətlə keçirilmiş mərasimdə çıxış edərək dedi ki, Ermənistanın yeritdiyi dövlət terrorizmi və soyqırımı siyasətinə, habelə beynəlxalq terrorizmə və ekstremizmin digər təzahürlərinə qarşı Azərbaycan Respublikası tərəfindən aparılan mübarizənin kütləvi informasiya vasitələrində işıqlandırılmasına mənəvi və maddi dəstək məqsədi ilə elan olunmuş müsabiqə MTN orqanlarının 85 illik yubileyinə həsr edilmişdir. Müsabiqə jurnalistika, elmi-tədqiqat, müasir informasiya təbliğatı, kino və təsviri sənət nominasiyaları ilə keçirilmişdir. Hər nominasiya üzrə 3 əsas və 1 həvəsləndirici mükafat müəyyən olunmuş müsabiqəyə 20 iddiaçı tərəfindən 8 kitab, 5 məqalələr toplusu, 1 dərs vəsaiti, 1 əlyazma, 4 televiziya filmi, 4 rəsm əsəri və 1 İnternet səhifəsi təqdim edilmişdir.
Sonra “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin prezidenti Fikrət Zərbəliyev “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XX əsrlər)” müxtəsər xronoloji ensiklopediyanın Azərbaycan və rus dillərində nəşrində xidmətinə görə milli təhlükəsizlik naziri general-polkovnik Namiq Abbasova “Humay” mükafatını təqdim etdi. Daha sonra nominasiyalar üzrə mükafatlar təqdim olundu. Jurnalistika, elmi-tədqiqat, müasir informasiya təbliğatı nominasiyasında birinci mükafata MEA-nın İnsan Hüquqları İnstitutunun təqdim etdiyi “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XX əsrlər)” kitabı layiq görülmüşdür. İkinci mükafat tarix elmləri doktoru, professor Yaqub Mahmudov və tarix elmləri namizədi Kərim Şükürovun “Qarabağ ən qədim zamanlardan müasir dövrədək” əsərinə, üçüncü mükafat “Ayna-Zerkalo” qəzetinin müxbiri İsmayıl Umudlunun məqalələr toplusuna verildi. “Qarabağ sənədlərdə” İnternet səhifəsinin müəllifi Etibar Axundov həvəsləndirici mükafat aldı. Kino və təsviri sənət nominasiyasında birinci mükafat Gülşən Əliyevanın “Qanlı terror” sənədli filminə verildi. “Lider” televiziyasının əməkdaşı Arzu Qazıyevanın “Pirat adası” sənədli filmi ikinci, Mustafa Göruryılmaz və Ağası Hunun (Türkiyə) “Onbeşlilərin türküsü” sənədli filmi üçüncü mükafata layiq görüldü. Həvəsləndirici mükafatı “Azərbaycan, yetər qəmin” adlı rəsm əsərinin müəllifi, Rəssamlıq Kollecinin birinci kurs tələbəsi Ülkər Sayılova aldı. Mərhum Samir Əsgərxanovun ssenari müəllifi olduğu “Taun” filmi münsiflər heyətinin yekdil rəyi ilə müsabiqəyə müsabiqədənkənar daxil edilərək, birinci mükafat həcmində pul vəsaitinə və xüsusi diploma layıq görülmüşdür. Mükafat telejurnalistin atası Eldar Əsgərxanova təqdim edildi. Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 85 illik yubileyi münasibətilə keçirilən tədbirlərə dəvət olunmuş Azərbaycanın ilk müstəqil təhlükəsizlik orqanının rəhbərləri Məmmədbağır və Nağı Şeyxzamanov qardaşlarının ailə üzvləri Xatirə diplomu ilə təltif edildi. Diplom Nağı Şeyxzamanovun nəvəsi Tomris Azəriyə təqdim olundu. Samir Əsgərxanov adına mükafat bundan sonra müntəzəm - Azərbaycan təhlükəsizlik orqanlarının ildönümündə veriləcəkdir.