Sankt-Peterburqda Beşinci Beynəlxalq Neva Ekologiya Konqresi keçiriləcəkdir
Bakı, 4 aprel (AZƏRTAC). Matın 17-18-də Sankt-Peterburqun Tavrida sarayında Beşinci Beynəlxalq Neva Ekologiya Konqresi keçiriləcəkdir.
RF Federasiya Şurasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirin təşkilatçıları Federasiya Şurası və MDB Parlamentlərarası Assambleyasıdır (PA). Rəsmi tərəfdaş Sənaye İnkişafı üzrə Birləşmiş Millətlər Təşkilatıdır (YUNİDO).
RF Federasiya Şurasının sədri, MDB PA-nın sədri Valentina Matviyenkonun aparacağı tədbirin iştirakçıları ekoloji təhlükəsizlik, təbii sərvətlərdən istifadənin səmərəliliyi, ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məsələlərini müzakirə edəcəklər.
Konqresdə Rusiya Federasiyası dövlət hakimiyyətinin qanunvericilik və icra orqanlarının, MDB təbiəti mühafizə orqanlarının və Avropa Şurasının rəhbərliyi, tanınmış siyasi və ictimai xadimlər, elmi və işgüzar dairələrin təmsilçiləri iştirak edəcəklər. Tədbirdə Azərbaycan nümayəndələrinin iştirakı da gözlənilir.
Mayın 17-də Rusiyanın şimal paytaxtında təbiətdən istifadə və ətraf mühitin mühafizəsi sahəsində innovasiya layihələrinin sərgisi açılacaq, habelə konqresin açılış mərasimi və plenar iclaslar keçiriləcəkdir.
Sonra konqres “Ehtiyatların qorunmasının modernləşdirilməsi: iqtisadi inkişafın ekoloji inkişafı”, “Davamlı inkişaf sistemində ekoloji təhlükəsizliyin beynəlxalq-hüquqi əsasları”, “Ekologiya həyat tərzi kimi”, “Ekoloji siyasət və vətəndaş cəmiyyəti”, “Ekoloji problemlərin həllində təhsilin və elmin rolu”, “Ekologiya və əhalinin sağlamlığı”, “Mədəniyyət ekologiyası və ətraf mühitin estetikası” mövzularında “dəyirmi masa” formatında davam edəcəkdir.
Sonda konqresin yekun sənədi qəbul ediləcəkdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva