SANKT-PETERBURQDA KEÇİRİLƏN MƏTBUAT KONFRANSI “RUSIYA-AZƏRBAYCAN” DOSTLUQ AVTOYÜRÜŞÜNƏ HƏSR EDİLMİŞDİR
Bakı, 16 iyul (AZƏRTAC). Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan AZƏRTAC-a verilən məlumatda bildirilir ki, iyulun 15-də Böyük Vətən müharibəsində Qələbənin 65-illiyinə həsr edilmiş “Rusiya-Azərbaycan” dostluq avtoyürüşü ilə əlaqədar mətbuat konfransı keçirilmişdir. Avtoyürüş Rusiyanın Azərbaycanlı Gəncləri Birliyi (AMOR) və Sankt-Peterburqda fəaliyyət göstərən “Açıq Torpaq” avtomobil klubunun birgə təşkilatçılığı, o cümlədən Sankt-Peterburq Administrasiyasının, Azərbaycan Respublikasının bu şəhərdəki Baş Konsulluğunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Mətbuat konfransında Sankt-Peterburqun “1-ci Kanal”, “MİR”, Azərbaycanın “AzTV”, “Lider”, “İTV” telekanalları, o cümlədən İTAR-TASS, İnterfaks, Baltİnfo informasiya agentlikləri, “Novosti Sankt-Peterburqa” qəzeti və digər mətbuat orqanlarının nümayəndələri iştirak etmişlər. İştirakçılara avtoyürüşün təşkilatçıları AMOR və “Açıq Torpaq” klubu barədə ətraflı məlumat verilmiş, çoxmillətli Rusiyanın ictimai həyatında azərbaycanlı gənclərin yaxından iştirakı, bu işdə AMOR-un fəaliyyəti xüsusi vurğulanmışdır.
80-dən çox avtomobilin iştirakı ilə təşkil olunan avtoyürüş Moskva, Voronej, Novoçerkassk, Rostov, Budyonovsk, Mahaçqala, Bakı şəhərlərindən keçərək Mingəçevirdə yekunlaşacaqdır. Marşrut üzrə planlaşdırılan dayanacaqlarda AMOR-un regional nümayəndəliklərinin üzvləri ilə görüşlər keçiriləcək, təşkilatın fəaliyyəti haqqında məlumat veriləcək, habelə Azərbaycanın turizm potensialı, tarixi və mədəni irsi geniş təbliğ olunacaqdır.
Avtoyürüş iştirakçıları Böyük Vətən Müharibəsi zamanı Taqanroq şəhərinin alman faşistlərindən azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş 130-cu və 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçülərinin xatirəsinə ucaldılmış Şərəf Memorialının önünə gül dəstələri düzəcəklər. Şərəf Memorialı 1980-ci il mayın 7-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılmışdır.
Rusiya Federasiyasının müxtəlif regionlarından keçən avtoyürüşə qoşulacaq turizm həvəskarları Rusiyanın və Azərbaycanın təbiəti, tarixi abidələri, muzeyləri, milli adət-ənənələri ilə yaxından tanış olacaq, hazırladıqları mədəni proqramla çıxışlar edəcəklər. Avtoyürüş zamanı müxtəlif müsabiqələr və avtomobil yarışları keçiriləcək, qaliblərə AMOR-un təsis etdiyi mükafatlar təqdim ediləcəkdir.