Şanlı Qələbəmizdə xalqımızın birliyi
Bakı, 15 mart, AZƏRTAC
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azar etdi, tarixi ədaləti bərpa etdi. Vətən müharibəsi günlərində bütün Azərbaycan xalqı sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı şəhəri K.A.Kərimov adına 8 saylı tam orta məktəbin direktoru Aytən Baxşıyeva deyib.
O vurğulayıb ki, 30 il ərzində Ermənistanın işğalı altında olan torpaqlarımızı şanlı Ordumuz cəmi 44 günə azad etdi. Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zəkasının ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının azad edilməsi əməliyyatı isə tamam başqadır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında deyib: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.
Azərbaycan xalqı üçün 44 günün hər biri şərəf və ləyaqət günü oldu. Bölgəsindən asılı olmayaraq bütün ölkə vətəndaşları qarabağlı idi. Xain düşmənin bombaladığı Tərtərin, Gəncənin, Bərdənin dinc sakinlərinin dərdini hamımız çəkirdik. Onlar da “canımız, ev-eşiyimiz əsgərlərimizə qurbandır, təki yurdumuzu mənfur düşməndən azad etsinlər”, deyirdilər. Əsgərimiz necə qeyrət, şücaət göstərirdisə, arxada bütün xalqımız da elə səbir, təmkin qələbəyə inam nümayiş etdirirdi. Çünki xalq öz Prezidentinə inanırdı, güvənirdi. Tarixi Qələbəmiz bu baxımdan mənəvi dünyamızı da çox zənginləşdirdi. Xalqın dövlətə və dövlətçiliyə bağlılıq telləri daha da möhkəmləndi.
İkinci Qarabağ müharibəsində Qələbə Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin şücaəti, qorxmazlığı, peşəkarlığı, böyük Vətən sevgisi hesabına əldə olundu. Xalqımızın 30 il həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə milli bayrağımızı sancmaq əsgər və zabitimizə qələbə sevincləri yaşatdı. Hərbçilərimiz bu yolda canlarını belə əsirgəmədilər, əsl qəhrəmanlıq nümayiş etdirdilər. Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuzdur.
“Müharibə kimin həqiqi qardaş, etibarlı dost olduğunu da sınağa çəkir. Uzaq-yaxın tariximizi bilənlər də, bilməyənlər də bu gün Prezidentimizin, dövlətimizin və ordumuzun yazdığı tarixdən dərs almalıdırlar. Vətəni yüksək vətənpərvərlik ruhuna malik olan, onun hər qarış torpağının qədrini bilən, xalqımızın dilinə, ədəbiyyatına, tarixinə, ənənələrinə sahib olan vətəndaş qoruyur, onun naminə ölümə də tərəddüd etmədən gedir. Belə Vətən övladları da milli təhsil zəminində uşaqlıq-yeniyetməlik çağlarından ailədə və təlim-tərbiyə ocaqlarında yetişməlidir. Nəhayət biz də başımızı ulu əcdadlarımız kimi, tarixi qəhrəmanlarımız kimi dik tutmağı bacaracağıq və qürurla “Biz böyük xalqıq!” deyəcəyik”, - deyə A.Baxşıyeva vurğulayıb.