CƏMİYYƏT
Şanlı Zəfərimizi təbliğ etmək, şəhidləri və qaziləri gənclər arasında tanıtmaq vacibdir






Bakı, 27 sentyabr, AZƏRTAC
“Böyük Qayıdış” Gənclər Təşkilatı 27 Sentyabr – Anım Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib.
AZƏRTAC xəbər verir ki, təşkilat tərəfindən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə anım tədbiri, Vətən müharibəsi qazilərinin Qayıdış könüllüləri ilə görüşü təşkil olunub, təşkilat nümayəndələrinin, qazilərin, üzv və könüllü gənclərin iştirakı ilə İkinci Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən anım tədbirlərində Milli Məclisin deputatları, tərəfdaş qurumların nümayəndələri, təşkilatın idarə heyətinin üzvləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri və tələbə gənclər iştirak ediblər.
Anım Günü ilə bağlı çıxış edənlər belə tədbirlərin keçirilməsində əsas məqsədin gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda xalqa, torpağa bağlılıq hissini yüksəltmək olduğunu vurğulayıblar. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfəri təbliğ etmək, şəhidləri və qaziləri cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq olduğunu diqqətə çatdırıblar.
Bildirilib ki, bu Qələbə xalqımızın və Ordumuzun gücünü̈, milli birliyini, vəhdətini, mübarizliyini dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, əziz xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra ölkəmizdə Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı tarixi sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Çıxışçılar, həmçinin Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirlərinin ölkəmiz və region üçün əhəmiyyətini qeyd ediblər.
Tədbirlər planına əsasən Vətən müharibəsi qazilərinin Qayıdış könüllüləri ilə görüşü olub. Görüşdə qəhrəman qazilərimiz 44 günlük savaşda müzəffər Azərbaycan Ordusunun döyüş meydanında rəşadətindən, ölkəmizin uğurla keçirdiyi lokal antiterror tədbirlərindən, xalq-ordu birliyindən, müharibə ilə bağlı xatirələrindən, şəhid olmuş döyüşçü yoldaşlarının qəhrəmanlıqlarından və göstərdikləri igidliklərdən bəhs ediblər.
Sonda könüllüləri maraqlandıran suallar cavablandırılıb.