Seçenov Universitetinin Bakı filialının Tədris-Simulyasiya Mərkəzi yeni avadanlıqlarla təmin ediləcək
Bakı, 16 iyul, AZƏRTAC
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universitetinin) Bakı filialının Tədris-Simulyasiya Mərkəzində robot simulyatorlar və fantomlar parkının genişləndirilməsi planlaşdırılır. Seçenov Universitetinin rektoru Pyotr Qlıboçko bu planları Azərbaycana işgüzar səfəri zamanı Bakı filialının rektoru Əziz Əliyevlə müzakirə edib.
AZƏRTAC xəbər verir ki, Tədris-Simulyasiya Mərkəzində müasir avadanlıqlarla işləyən tələbələr komanda bacarıqları əldə edərək fövqəladə hallarda lazımlı qərar verməyi öyrənirlər. Mərkəzin müəllimləri Rusiya və Azərbaycanın aparıcı klinikalarının xüsusi təlim keçmiş həkimləridir.
Rektor Pyotr Qlıboçko Bakı filialının rektoru Əziz Əliyevlə görüşdə robot simulyatorlar və fantomlar bazasının genişləndirilməsi məsələlərini müzakirə edib.
Tədris-Simulyasiya Mərkəzində məzunların akkreditasiyası da aparılır. Rusiya Federasiyası Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən akkreditə olunmuş məzunlar Rusiyada işləyə bilərlər. Seçenov Universitetinin diplomu avtomatik olaraq Azərbaycanda nostrifikasiya olunur.
Bundan əlavə, mərkəzdə digər universitetlərin tələbələri, müxtəlif şirkətlərin işçiləri və ilk yardım göstərməyi öyrənmək istəyən könüllülər üçün təlimlər keçirilir. Bu il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları və Qarabağ iqtisadi bölgəsinin sakinləri ilk yardım üzrə təlim dərsləri keçiblər. Digər layihələr arasında BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) könüllüləri, “Azərbaycan Hava Yolları” şirkətinin əməkdaşları və “Formula-1” dünya çempionatının dördüncü mərhələsi olan Azərbaycan Qran-Prisi könüllüləri üçün də təlimlər var.