Seçici Ələddin Zülfüqarov: Bu seçkilər hər bir vətəndaş üçün böyük önəm kəsb edir
Bakı, 9 fevral, AZƏRTAC
19 saylı Nərimanov birinci seçki dairəsinin seçki məntəqələrində səsvermə davam edir.
Dairə seçki komissiyasının sədri Azad Nəbiyevin AZƏRTAC-a bildirib ki, seçki dairəsindəki 35 seçki məntəqəsi bütün zəruri avadanlıqla təchiz olunub. Şəffaflığın təmini məqsədilə dairənin 10 məntəqəsində veb-kameralar quraşdırılıb.
Ümumilikdə 44 min 588 seçicinin qeydə alındığı seçki dairəsindəki bütün seçki məntəqələrində əhalinin rahatlığı nəzərə alınıb və seçicilərin istədikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılıb. Məntəqə seçki komissiyalarında beynəlxalq və yerli müşahidəçilər seçki prosesinin gedişini izləyirlər. Çoxlu sayda kütləvi informasiya vasitələri seçkilərin işıqlandırılmasında iştirak edirlər.
Qeyd edək ki, parlament seçkiləri ilə əlaqədar dairə üzrə deputatlığa ümumilikdə 16 namizəd qeydə alınıb və onların hər biri üçün bərabər şərait yaradılıb. Dairə üzrə hər məntəqədə yerli və beynəlxalq müşahidəçilər, o cümlədən müxtəlif siyasi partiyaların və bitərəflərin nümayəndələri qeydiyyatdan keçiblər.
19 saylı Nərimanov birinci seçki dairəsinin 27 saylı məntəqəsinin sədri Fatma Təhməzova vətəndaşların sərbəst şəkildə səs vermələri üçün zəruri şəraitin yaradıldığını bildirib. O seçki komissiyasının üzvlərinin hər bir seçicinin müraciətinə həssaslıqla yanaşdıqlarını qeyd edib.
27 saylı seçki məntəqəsinin seçicisi Ələddin Zülfüqarov seçkilərin hər bir vətəndaş üçün böyük önəm kəsb etdiyini bildirib. O, seçicilərin öz namizədlərinə səs vermələri üçün məntəqədə yaradılan şəraiti xüsusi qeyd edib.