SİYASƏT
Səfir Sanjay Rana: Hindistan-Azərbaycan əməkdaşlığının inkişafı üçün böyük perspektivlər var
![Səfir Sanjay Rana: Hindistan-Azərbaycan əməkdaşlığının inkişafı üçün böyük perspektivlər var](/files/2017/3/1200x630/1514012858491710495_1200x630.jpg)
Bakı, 23 dekabr, AZƏRTAC
Bu il Azərbaycanla Hindistan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdik. Hindistan və Azərbaycan xalqları arasında əlaqələr çox qədimdir. Bu əlaqələr əsrlərboyu həyata keçirilmiş mübadilələrə əsaslanır. Biz bir çox dəyərləri paylaşırıq, xüsusilə də mədəniyyət sahəsində.
Bu fikirləri Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana AZƏRTAC-a açıqlamasında deyib.
Səfir bildirib ki, Hindistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ötən 25 ildə Azərbaycan sürətlə inkişaf edib. Ölkələrimiz arasında əməkdaşlıq genişlənir, lakin bunun üçün potensialımız daha böyükdür. Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir və bu, bizə əməkdaşlığı genişləndirməyə imkanlar yaradır. Son illər ərzində Azərbaycanda xüsusilə də kənd təsərrüfatı sahəsi tərəqqi edir. Azərbaycan hökuməti bu sahəyə xüsusi diqqət yetirir. Hindistan kənd təsərrüfatı, xüsusilə də pambıqçılıq və tütünçülük sahələrində böyük təcrübəyə malikdir, biz bu təcrübəni paylaşa bilərik. Həmçinin Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafına da önəm verilir. Hindistan bu sahədə də çox yaxşı təcrübəyə malikdir, biz bu sahədə də əməkdaşlıq edə bilərik. Biz sahibkarlıq sahəsində təcrübəmizi və biliklərimizi paylaşmaq üzərində işləyirik. Bu baxımdan azərbaycanlı tələbələrə və peşəkar şəxslərə təlimlər və təqaüdlər təklif edirik.
Səfir deyib ki, Azərbaycan, eyni zamanda, bərpa olunan enerji, kosmik sahələrdə inkişaf edir və bu da bizim əməkdaşlıq edə biləcəyimiz sahələrdəndir. Biz müxtəlif sahələrdə birgə müəssisələrin yaradılması ilə inkişafa nail ola bilərik. Bütün bunlarla yanaşı, biz, eyni zamanda, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığımızı davam etdirmək, insanlar arasında mübadilələri artırmaq istəyirik. Gələn il də biz Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələri, hökumətlərarası komissiyanın növbəti görüşünü təşkil etməyi, daha yüksək səviyyəli səfərlər mübadiləsi həyata keçirməyi nəzərdə tuturuq. Bir sözlə, əməkdaşlığımızın inkişafı üçün böyük perspektivlər var.
Səfir vurğulayıb ki, Hindistan-Azərbaycan əlaqələri BMT də daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində də inkişaf edir.