Səfir: Ukraynanın dəstəklənməsinə istiqamətlənən intellektual oyunlar Azərbaycanda yaxşı ənənəyə çevrilib
Bakı, 19 dekabr, AZƏRTAC
Ukraynanın dəstəklənməsinə yönələn intellektual oyunlar Azərbaycanda yaxşı ənənəyə çevrilib. “Bizimkilər” Yeni il yarmarkası çərçivəsində “Handicraft Baku” və “Stock” şirkətlərinin dəstəyi ilə “Şəkərbura şou” adlı növbəti intellektual oyun təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün feysbukdakı rəsmi səhifəsində bildirib.
Kanevski sualların əksəriyyətinin Ukrayna və Azərbaycan xalqlarının zəngin tarixi-mədəni irsi mövzusu ilə bağlı olduğunu vurğulayıb: “Oyunun nəticələrinə görə xeyli vəsait toplandı. Yaxın vaxtlarda bu vəsait Rusiya-Ukrayna müharibəsindən əziyyət çəkən ukraynalı uşaqlara, eləcə də Azərbaycan şəhidlərinin övladlarına ianə ediləcək”.
Səfirin sözlərinə görə, oyunda “Azovstal”, İ.Franko adına Ukrayna icması və “Roman və Şuxeviç” komandaları iştirak ediblər.