ŞƏHƏRDAXİLİ VƏ ŞƏHƏRƏTRAFI MARŞRUTLARDA GEDİŞ HAQQININ MƏSAFƏDƏN ASILI OLARAQ DƏYİŞDİRİLMƏSİNİ SƏRNİŞİNLƏR RAZILIQLA QARŞILAMIŞDIR
İqtisadi inkişaf naziri Heydər Babayev və nəqliyyat nazirinin müavini Musa Pənahov aparılmış monitorinqlər nəticəsində vətəndaşların, təsərrüfat subyektlərinin rəy və təkliflərinin öyrənildiyini, şəhərdaxili nəqliyyatda vahid tarifin tətbiq edilməsi istiqamətində görülmüş tədbirlərin əhali tərəfindən təqdirəlayiq hesab edildiyini bildirmişlər. Qiymətlərin qət edilən yolun məsafəsinə, yanacaq sərfinə görə hesablanması ədalətli qərar kimi normal qəbul edilmişdir. Bəzi kütləvi informasiya vasitələrinin məsələyə birtərəfli yanaşmasının əksinə olaraq, şəhərdaxili 20 marşrutda gediş haqqı 20 qəpikdən 15 qəpiyə düşmüş, kənd və qəsəbədaxili marşrutlarda isə azalmaların sayı daha çox olmuşdur.
Qeyd edilmişdir ki, ardıcıl nəzarət reydlərindən sonra 49 avtobusda mövcud qaydalara əməl edilmədiyi müəyyənləşdirilərək onlar marşrutdan çıxarılmış, 12 marşrutun sahibi cəzalandırılmışdır. Milli Bankla birlikdə görülmüş tədbirlər nəticəsində bütün marşrutlara kifayət qədər 3 və 5 qəpiklər verilmişdir. Təəssüf ki, əhalinin xeyli hissəsi bu xırda pullardan tədavül vasitəsi kimi istifadə etməyə təzəliklə başlamışdır.
İlin sonunadək 30 iri tutumlu avtobusun alınıb gətiriləcəyi bildirilmiş, qeyd edilmişdir ki, gələn ilin birinci yarısında ölkəyə gətiriləcək avtobusların sayı 200-dən çox olacaqdır. Bununla bağlı Almaniya və Koreya şirkətləri ilə danışıqlar aparıldığı diqqətə çatdırılmışdır.
Mətbuat konfransında sərnişinlərin xüsusilə narazı olduğu bir məsələyə də aydınlıq gətirilmişdir. Belə ki, aparılmış monitorinqlər zamanı marşrutlardakı sürücülərin 20 faizinin sürücülük vəsiqələrinin olmadığı, yaxud sənədlərinin vaxtının keçdiyi aşkar edilmiş, onlar marşrutlardan çıxarılmışlar. Sürücülərin həm avtomaşınları idarəetmə qabiliyyətinin yaxşılaşdırılması, həm də peşə etikasının, davranış mədəniyyətinin yüksəldilməsi ilə bağlı aylıq kursların keçiriləcəyi bildirilmişdir. Mövcud qaydalara əməl etməyən sürücülərə qarşı cəza tədbirlərinin gücləndirilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi üçün təkliflər verildiyi diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, gələcəkdə marşrut sahiblərinin sərmayə qoyuluşuna marağının artırılması üçün onlara verilən lisenziyaların müddətinin artırılması, kreditlərin verilməsi də nəzərdə tutulur.
Hazırda şəhərdaxili marşrutlarda pasportlaşdırma işlərinin aparıldığını bildirən hökumət rəsmiləri bunun nəticəsində bir-birini təkrar edən, əsassız şəkildə yolunu uzadan, nəqliyyat hərəkətinin əhatə edilmədiyi ərazilərin müəyyən olunmasına imkan yaranacağını söyləmişlər. Metroda isə bu ilin sonunadək gediş haqqının artırılmayacağı bildirilmişdir.
Bir daha qeyd edilmişdir ki, Tarif (Qiymət) Şurasının qərarına əsasən, Bakı şəhərində şəhərdaxili marşrutlarda vahid baza qiyməti 15 qəpik səviyyəsində müəyyənləşdirilmişdir. Şəhərətrafı qəsəbələrə işləyən marşrutlarda isə şəhər hüdudlarından hesablanmaqla 1-15 kilometr məsafə üçün gediş haqqının 15 qəpik, 1-25 kilometr üçün 20 qəpik, 1-30 kilometr üçün 25 qəpik, 1-40 kilometr üçün 30 qəpik, 1-50 kilometr üçün 40 qəpik, 50 kilometrdən yuxarı məsafə üçün 60 qəpik olması barədə qərar qəbul edilmişdir. Eyni zamanda, şəhərətrafı marşrutlarla şəhər kənarında yerləşən qəsəbələr arasında hərəkət zamanı gediş haqqı 15 qəpikdir. Bakı-Sumqayıt marşrutu (Bakıdan Sumqayıta qədər məsafəni əhatə etməklə) üzrə tariflər 30 qəpik səviyyəsində müəyyən edilmişdir. Sumqayıt şəhərinin daxili marşrutlarında hərəkət zamanı isə Bakı-Sumqayıt marşrutu tariflərinə şəhərdaxili (Sumqayıt) tariflər əlavə olunur. Bir daha vurğulanmışdır ki, Bakı avtovağzalından Sumqayıt avtovağzalına qədər və əksinə gediş haqqı 30 qəpikdir, buna əməl etməyənləri ciddi cəza gözləyir.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.