ŞƏHƏRDAXİLİ VƏ ŞƏHƏRƏTRAFI MARŞRUTLARDAGEDİŞHAQQI DƏYİŞDİRİLMİŞDİR
Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlarda, habelə Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutu üzrə sərnişindaşıma xidmətinin tariflərinə baxılmışdır. Nəqliyyat Nazirliyindən, təsərrüfat subyektlərindən və əhalidən daxil olmuş rəy və təkliflər, Şuranın müvafiq icra hakimiyyəti orqanları ilə birgə keçirdikləri monitorinq zamanı əldə olunmuş məlumatlar əsasında hazırlanmış layihə müzakirə edilmişdir.
Müzakirələr zamanı şəhərdaxili nəqliyyatda vahid tarifin tətbiq edilməsi təklif olunmuşdur.
Tarif (Qiymət) Şurasının qərarına əsasən, Bakı şəhərində şəhərdaxili marşrutlarda vahid baza qiyməti 15 qəpik səviyyəsində müəyyənləşdirilmişdir. Şəhərətrafı qəsəbələrə işləyən marşrutlarda isə şəhər hüdudlarından hesablanmaqla 1-15 kilometr məsafə üçün gediş haqqının 15 qəpik, 1-25 kilometr üçün 20 qəpik, 1-30 kilometr üçün 25 qəpik, 1-40 kilometr üçün 30 qəpik, 1-50 kilometr üçün 40 qəpik, 50 kilometrdən yuxarı məsafə üçün 60 qəpik olması barədə qərar qəbul edilmişdir. Eyni zamanda, şəhərətrafı marşrutlarla şəhər kənarında yerləşən qəsəbələr arasında hərəkət zamanı gedişhaqqı 15 qəpik olacaqdır. Bakı-Sumqayıt marşrutu (Bakıdan Sumqayıta qədər məsafəni əhatə etməklə) üzrə tariflər 30 qəpik səviyyəsində müəyyən edilmişdir. Sumqayıt şəhərinin daxili marşrutlarında hərəkət zamanı isə Bakı-Sumqayıt marşrutu tariflərinə şəhərdaxili (Sumqayıt) tariflər əlavə olunacaqdır.
Bununla yanaşı, Şuranın qərarına əsasən, gedişhaqqı 20 qəpik olan 50-dən çox şəhərdaxili marşrut üzrə qiymətlər 15 qəpiyə endirilmişdir.
Yeni tariflər oktyabrın 9-dan qüvvəyə minəcəkdir.