REGİONLAR
Şəhid ailələri və qazilər ziyarət olunub
Zaqatala, 20 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Zaqatala rayonunda da daim ehtiramla anılır. Rayon rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olur.
Zaqatala Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində rayon icra hakimiyyətinin məsul şəxsləri şəhid ailələrini, həmçinin müharibə əlillərini, son döyüşlərdə yaralananları evlərində ziyarət edib, onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıb, yardım ediblər.
Şəhidlərin ailə üzvləri və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.