Şəhid ailələri ziyarət olunub
Ağcabədi, 30 dekabr, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ ofisinin bir qrup könüllüsü və əməkdaşı şəhid Məkan Qəhrəmanovun və İntiqam Hacıyevin ailələrinə baş çəkib, bayram münasibətilə onları təbrik ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad olunub. GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, rəşadətli Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində əldə edilmiş Böyük Zəfər dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırıb, onların ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaradıb.
Bildirilib ki, Vətən müharibəsi Azərbaycan xalqının şanlı Zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib. Buna görə də hər bir şəhidin keçdiyi həyat yolu gənclərimiz üçün nümunədir. Odur ki, gənclərimizin şəhid ailələrini ziyarət etməsi, onların döyüş yolu ilə yaxından tanış olmaları gələcək nəsillərdə vətənpərvərlik hissinin daha da möhkəmləndirilməsində mühüm rol oynayır.
Görüşdə övladları haqqında xatirələrini bölüşən şəhid valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
GTM Qarabağ ofisi və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən ailələrə bayram sovqatı çatdırılıb.