Şəhid Natiq İmanovun anım günü: “Şəhadətin 28-ci zirvəsi” VİDEO
Beyləqan, 27 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan İmanov Natiq Rəşxan oğlunun anım gününə həsr olunan “Şəhadətin 28-ci zirvəsi” adlı tədbir keçirilib.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə idarə-müəssisə rəhbərləri, şəhidin ailə üzvləri, veteranlar, qazilər, İmamverdilər kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, döyüş yoldaşları, eləcə də mətbuat nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edənlər şəhid Natiq İmanovun keçdiyi döyüş yolundan söhbət açıblar. Bildirilib ki, Şəhid İmanov Natiq 1992-ci ilin may ayında həqiqi hərbi xidmətə çağırılıb, Beyləqan özünümüdafiə batalyonunun sıralarında Füzuli bölgəsində döyüş yolu keçib. İgidliyi ilə seçilən şəhidimiz ağır döyüşlər zamanı dəfələrlə döyüş yoldaşlarının həyatını xilas edib. Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən ağır döyüşlər zamanı - 1994-cü il yanvarın 27-də qəhrəmancasına şəhidlik məqamına ucalıb. Böyüyüb boya-başa çatdığı İmamverdilər kəndində dəfn olunub.
Digər çıxış edənlər Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Qələbədən danışıblar. Diqqətə çatdırılıb ki, işğalda olan torpaqlarımız 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusunun gücü sayəsində azad edilməklə yanaşı, həm də şəhidlərin qisası alındı.
Qeyd edilib ki, şəhidliyi özlərinə ömür payı biçən Vətən oğullarının döyüş yolu, göstərdikləri şücaət hər bir gəncə örnəkdir.
Sonda məktəblilərin hazırladıqları kompozisiyalar nümayiş olunub.