“Şəhidlər” məscidində Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi anılıb
Bakı, 1 avqust, AZƏRTAC
Bakıdakı “Şəhidlər” məscidində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin və Türkiyə Diyanət İşləri İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhidləri anma, xətm və dua” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində Diyanət İşləri İdarəsinin sədr müavini dosent Selim Arqun, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayev, Diyanət İşləri İdarəsinin Müshəfləri İncələmə və Qiraət Şurası başqanı Dr.Hafiz Osman Şahin, Ayasofya məscidinin imamı Ferruh Muştuer, Fatih məscidinin imamı Metin Çakar, Türkiyə səfirliyinin din xidmətləri müşaviri İhsan Açık, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan ilə Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərin ruhlarına ithafən “Qurani-Kərim” oxunub. Daha sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev oxunan xətmlərin duasını edib. Tədbirin sonunda şəhid ailələrinə “Qurani-Kərim” hədiyyə olunub.
Selim Arqun Qafqaz İslam Ordusu, Qarabağ müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad edərək, deyib: “Yüz il əvvəl Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun əsgərləri bu coğrafiyanın düşmən işğalından azad edilməsi üçün döyüşdülər. Bundan 100 il sonra Türkiyənin və Azərbaycanın nümunəvi qardaşlığı nəticəsində Qarabağda Zəfər qazanıldı”.
“İstər Şəhidlər xiyabanını, istərsə də Çanaqqala şəhidliyini ziyarət edərkən əsgərlərimizin iki cəbhədə də canından keçdiklərini görürük. Bu isə bizim Anadolu ilə Azərbaycan torpağının sanki ətlə dırnaq kimi bir-birindən ayrılmadığını, ayrılmayacağını, ortaq bir keçmişə və ortaq bir gələcəyə sahib olduğunu göstərir”, - deyə Diyanət İşləri İdarəsinin sədr müavini vurğulayıb.