Şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacadır
Paris, 21 yanvar (AZƏRTAC). Şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacadır.
Bu sözləri Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov qanlı 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı Parisdə keçirilmiş anma mərasimində söyləmişdir.
Azərbaycan diasporunun təmsilçilərindən, tələbələrdən, səfirliyin və ölkəmizin YUNESKO yanındakı daimi nümayəndəliyinin əməkdaşlarından ibarət mərasim iştirakçıları müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin parlament sədri Əlimərdan bəy Tobçubaşovun və həmin dövrdə nəşr olunan “Azərbaycan“ qəzetinin redaktoru, tanınmış jurnalist Ceyhun Hacıbəylinin Cən-Klu qəbiristanlığındakı məzarlarını ziyarət edərək önünə çiçək dəstələri qoymuş, yanvarın 20-də Azərbaycanın azadlığı və müstəqilliyi yolunda həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra mərasim paytaxtın 5-ci rayonundakı məsciddə davam etmişdir. Tədbiri açan səfir E.Əmirbəyov demişdir: Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın birliyinin təntənəsidir. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənib Bakının küçə və meydanlarına çıxaraq etirazını bildirən dinc əhalinin etiraz səsini boğmaq məqsədi ilə sovet ordusu hissələrinin şəhərə yeridilməsi dəhşətli faciəyə gətirib çıxarmışdır. Həmin ağrılı günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Böyük itkilərlə, günahsız insanların amansızlıqla qətlə yetirilməsi ilə nəticələnən 20 Yanvar faciəsi, M.Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalımızın həm də mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirmişdir.
Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətlərini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini ölkəmiz hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edir. Şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaqdır. Allah onlara rəhmət eləsin!
Böyük Paris Məscidi ALGHAZALİ İnstitutunun direktoru Celoul Seddiki belə hüznlü gündə bütün müsəlmanların Azərbaycan xalqı ilə həmrəy olduqlarını və hər bir millətin müstəqillik və azadlıq uğrunda şəhidlər verdiyini xüsusi vurğulamış, iki il əvvəl ölkəmizə səfər etdiyini, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə görüşdüyünü, Azərbaycanın Cənubi Qafqaz bölgəsində xüsusi çəkisi olduğunu, sürətlə inkişaf etdiyini, Bakının onda böyük təəssürat oyatdığını xatırlatmışdır.
Məscidin din xadimləri 20 Yanvar faciəsi şəhidlərinin ruhuna yasin oxumuşlar.
Sonda şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq ehsan verilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris