REGİONLAR
Şəhidlərin xatirəsi Şəkidə silsilə tədbirlərlə yad olunub











Şəki, 27 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Anım Günü ilə əlaqədar sentyabrın 27-də Şəkidə şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları və qazilər səhər saatlarında Şəhidlər xiyabanını, daha sonra Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyub, qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər.
Şəhidlərin Xatirə Kompleksinin qarşısında davam edən anım tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatları Vüqar İsgəndərov, Əli Məsimli, Cavanşir Feyziyev, şəhid anası, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Gülnarə Mustafayeva, Vətən müharibəsi iştirakçısı Vəlican Niftəliyev çıxış ediblər.
Çıxışlarda bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad etməklə tarixi Qələbə əldə edib. Vurğulanıb ki, şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək deməkdir.
Tədbir iştirakçıları saat 12:00-da Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qeyd edək ki, Anım Günü ərəfəsində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, deputatlar, ictimaiyyətin və gənclər təşkilatlarının nümayəndələri tərəfindən şəhid ailələri ziyarət edilib, onlara maddi köməklik göstərilib. Məscidlərdə şəhidlərin ruhuna dualar oxunub. Şəhər ərazisində binaların eyvanlarında dövlət bayraqları və Anım Günü ilə bağlı bannerlər asılıb. Sentyabrın 27-də təhsil müəssisələrində ilk dərslər Vətən müharibəsi və Anım Günü mövzusuna həsr edilib.