CƏMİYYƏT
“Səhiyyənin Transformasiyası Ofisi” yaradılacaq
Bakı, 10 fevral, AZƏRTAC
Səhiyyə Nazirliyinin nəzdində “Səhiyyənin Transformasiyası Ofisi” yaradılacaq. Ölkəmizdəki müvafiq səhiyyə qurumlarının da səlahiyyətli nümayəndələri həmin ofisdə təmsil olunacaqlar. Yaradılacaq ofis bütün səhiyyə qurumları arasında münasibətləri optimallaşdıracaq ki, bu da vətəndaş məmnunluğunu artıracaq.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Səhiyyə Nazirliyində keçirilən brifinqdə səhiyyə naziri Teymur Musayev deyib.
Nazir, həmçinin qeyd edib ki, effektiv səhiyyə idarəetməsinin formalaşdırılmasının digər istiqaməti tibb müəssisələrinin qiymətləndirilməsi üzərində qurulacaq. Diqqətə çatdırılıb ki, dünya ölkələrində tibb müəssisələri tərəfindən göstərilən xidmətlərin yüksəkkeyfiyyətli olmasını təmin edən ən effektiv metod kimi akkreditasiya qəbul olunur. Müasir səhiyyə sistemlərində akkreditasiyanın rolu pasiyentlərin təhlükəsizliyinə və göstərilən xidmətlərin səviyyəsinə təsir edən məsələləri nəzarətdə saxlamaqdır. Tibb müəssisələrinin qiymətləndirilməsi üçün akkreditasiya standartları adlanan ölçüləbilən meyarlar hazırlanır. Standartlar dinamikdir və periodik dəyişikliklər oluna bilir. Akkreditasiya sisteminin ən əhəmiyyətli elementi odur ki, istənilən tibb müəssisəsi yaxşı nümunələr kimi qəbul olunmuş akkreditasiya standartlarına əsasən öz fəaliyyətini qiymətləndirə bilir. Çatışmazlıqların aşkar olunması müəssisə daxilində proseslərin təkmilləşdirmə yollarının araşdırılmasına şərait yaradır. Hazırda Səhiyyə Nazirliyində yaradılmış İşçi qrup tərəfindən tibb müəssisələrinin akkreditasiyası ilə bağlı normativ-hüquqi baza yenidən işlənməkdədir.
“Yaxın zamanlarda Səhiyyə Nazirliyinin nəzdində Tibb Müəssisələrinin Akkreditasiya və Keyfiyyətinə Nəzarət Mərkəzi yaradılacaq”, - deyə T.Musayev diqqətə çatdırıb.