Şəki Regional Elmi Mərkəzi ilə Özbəkistanın İpəkçilik İnstitutu arasında əlaqələr genişlənir
Bakı, 18 aprel, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri dosent Qüdrət Bəkirov Özbəkistanın Daşkənd şəhərində yerləşən İpəkçilik İnstitutunda elmi ezamiyyətdə olub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, ezamiyyət zamanı Q.Bəkirov Daşkənd İpəkçilik İnstitutunun Seleksiya şöbəsində elmi tədqiqat işləri haqda məlumat əldə edib, tədqiqatçı və ipəkçi alimlərlə, həmçinin professor Bəxtiyar Ubaydullayevlə tut ipəkqurdunun yeni sortların yaradılması haqqında müzakirələr aparıb. Azərbaycanlı alim, həmçinin İpəkçilik İnstitutunun Biokimya, Genetika, Tut ipəkqurdunun xəstəlikləri şöbələrinin rəhbərləri ilə süni yemin hazırlanması və süni yemlə tut ipəkqurdunun yemləndirilməsi, partaklonun yaradılması və tut ipəkqurdunun xəstəlikləri ilə bağlı fikir mübadiləsi aparıb. Eyni zamanda, Şəki Regional Elmi Mərkəzinin Tut ipəkqurdunun seleksiyası şöbəsində rayonlaşdırılmış ŞZEM-4, GE-143, Yaqub və Çingiz cinsləri Daşkənd İpəkçilik İnstitutunun Seleksiya şöbəsinə təqdim edilib və mübadilə etmək məqsədilə onlardan Orzu, Yulduz 3, Gözəl, Marxamat, Asaka, Marvarid, Gülşən, Nəfis cinslərinin nümunələri, eləcə də sənaye yemləməsi üçün 10 qutu tut ipəkqurdu toxumu alınıb.
Qeyd edək ki, elmi ezamiyyət 2023-cü ilin yanvar ayında Özbəkistanın İpəkçilik İnstitutu ilə AMEA Şəki Regional Elmi Mərkəzi arasında imzalanmış müqavilənin şərtlərinə əsasən yerinə yetirilib.