QAN YADDAŞI
Şəkidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla anılmışdır
Şəki, 20 yanvar (AZƏRTAC). Bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinin 23-cü ildönümü respublikamızın hər yerində olduğu kimi, Şəkidə ümumxalq hüzn və xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi qeyd olunmuşdur. Rayonun idarə və təşkilatlarında, təhsil müəssisələrində, mədəniyyət ocaqlarında anma mərasimləri keçirilmiş, şəhidlərin xatirəsinə həsr olunmuş idman yarışları, inşa yazı müsabiqələri, sərgi və guşələr təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar yanvarın 20-də Şəkidəki Şəhidlər xiyabanında ictimaiyyət nümayəndələrinin, müharibə və əmək veteranlarının iştirakı ilə ümumşəhər mitinqi keçirilmişdir.
Toplantıda çıxış edənlər 20 Yanvar gününün müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını bildirmiş, faciənin günahkarlarının üzə çıxarılmasında, bu qanlı hadisəyə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamışlar. Qeyd olunmuşdur ki, şəkililər 20 Yanvar faciəsi qurbanlarının qəhrəmanlığını heç zaman unutmayacaq, şəhidlərin əziz xatirəsini daim uca tutacaqlar.
Həmin gün şəhərdəki Cümə məscidində şəhidlərin ruhuna dualar oxunmuş, saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinə və müharibə əlillərinə yardımlar paylanmışdır.