Şəkidə baş verə biləcək sel təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər görülür
Şəki, 4 aprel (AZƏRTAC). Şəki Şəhər İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclasında yaz-yay aylarında baş verə biləcək sel təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər barədə məsələ müzakirə olunmuşdur.
AZƏRTAC xəbər verir ki, aidiyyatı idarə, müəssisə, təşkilat rəhbərləri və mütəxəssislərinin, kənd və qəsəbə icra nümayəndələrinin, bələdiyyə sədrlərinin iştirak etdikləri iclası şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq qış mövsümü ərzində normadan artıq qarın yağması nəticəsində dağlarda qar örtüyünün çoxaldığını, bu səbəbdən də yaz fəslində havaların istiləşməsi ilə əlaqədar çaylarda sululuğun, eyni zamanda, sel və daşqınların yaranma ehtimalının artdığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Şəki şəhəri, eləcə də rayonun bir sıra kəndləri Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşdiyindən, burada sel və daşqınların olması ehtimalı yüksəkdir. Tarixi faktlar da sübut edir ki, bir-neçə ildən bir Şəki şəhərində və bəzi kəndlərdə böyük daşqınlar olmuş, infrastruktura, vətəndaşların şəxsi təsərrüfatlarına ciddi ziyan dəymişdir.
E.Usubov bildirmişdir ki, mütəxəssislərin son günlərdə apardığı müşahidələr nəticəsində müəyyənləşdirilmişdir ki, cari ilin yaz-yay aylarında çaylarda sululuq xeyli çoxalacaq, beləliklə, bəzi zonalarda daşqınların olma ehtimalı artacaqdır. Hazırda qarşıda duran əsas vəzifə baş verə biləcək təhlükənin qarşısının alınmasıdır. Ona görə də aidiyyatı təşkilatlar üzərilərinə düşən işlərin qısa vaxt ərzində keyfiyyətlə tamamlanmasını təmin etməlidirlər.
Şura iclasında şəhər icra hakimiyyəti aparatının tikinti və memarlıq şöbəsinin müdiri - baş memar Akif Nəsrullayevin mövzu ilə bağlı məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, Şəki ərazisində yerləşən Kiş və Şin çayları ən dağıdıcı çaylar siyahısına daxil edilmişdir. Mənbəyini Qafqaz sıra dağlarından götürən bu çaylarda ilboyu çox az miqdarda su olsa da, yaz-yay aylarında dağlardakı qarın ərinməsi ilə baş verən sellər ciddi təhlükə törədir. Bundan əlavə, Zəyzid, Küngüt və Daşağıl çaylarında da daim təhlükə yaranır. Çaylarda sel sularının təhlükə yaratmaması üçün çay yataqları mütəmadi olaraq təmizlənir, təhlükəli yerlərdə daş-çırpı və qabion bəndlər qurulur, ən təhlükəli yerlərdə isə beton-mühafizə bəndləri tikilir.
Məruzəçi daha sonra rayon ərazisində yaşayış məntəqələri və əkin sahələrinin sel-sularından etibarlı mühafizəsini, habelə çaylarda sel-suların maneəsiz axıdılmasını təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Şura iclasında AMEA Şəki regional bölməsinin direktoru Zəkəriyyə Əlizadə, Suvarma Sistemləri İdarəsinin rəisi Fərahim Qarayev və aidiyyatı qurumların rəhbərləri çıxış edərək görülmüş işlər barədə danışmış, fikirlərini bildirmiş, təkliflərini vermişlər.
Yekunda əlaqədar qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.