ŞƏKİDƏ BEYNƏLXALQ KARİKATURASƏRGİSİ AÇILMIŞDIR
Azərbaycan Rəssamlar İttifaqı Şəki bölməsinin rəhbəri Tahir Həmidli Dövlət Müstəqilliyi gününə həsr olunan və Şəkidə ilk dəfə keçirilən karikatura sərgisini şəhərin mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirmişdir.
Rəssamlar İttifaqının katibi Ənvər Qarayev, Dünya Karikaturaçılar Federasiyasının Azərbaycan üzrə təmsilçisi, “Kirpi” jurnalının baş rəssamı Hafiz Nəsiroğlu, Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açılış mərasimində çıxış etmişlər. Bildirilmişdir ki, 2004-cü ildə Bakı şəhərində keçirilən Beynəlxalq karikatura müsabiqəsi qaliblərinin əsərlərinin daxil olduğu birinci belə sərgi 2005-ci ildə respublikamızın paytaxtında təşkil olunmuşdur. Şəki sərgisi Azərbaycanın bölgələrində təşkil olunan ilk sərgidir. Burada 47 müəllifin 70-dək əsəri nümayiş etdirilir. Müəlliflərin 27-si respublikamızın, 20-si isə Bolqarıstan, Fransa, Polşa, Çexiya, Rumıniya, Çin, Rusiya və digər ölkələrin təmsilçiləridir. Sərgidə Azərbaycanın ilk karikaturaçı rəssamı Əzim Əzimzadənin bir neçə əsəri də nümayiş etdirilir.
Sərgidə nümayiş etdirilən əsərlər tamaşaçılarda böyük maraq doğurmuşdur. Gələcəkdə belə sərgilərin ənənəvi olaraq hər il keçirilməsi qərara alınmışdır.