ŞƏKİDƏ BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜTƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD OLUNMUŞDUR
Bu fikirlər Beynəlxalq müəllim günü münasibətilə oktyabrın 5-də şəhər icra hakimiyyətində keçirilən yığıncaqda xüsusi vurğulanmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, təhsil işçilərinin və şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi yığıncağı giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov müəllimləri, bütün təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, müstəqil ölkəmizin gələcəyi olan gənc nəslin təlim-tərbiyəsi işində onlara daha böyük uğurlar arzulamışdır.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxışında müəllimlik sənətinin tarixən cəmiyyətdə ən şərəfli peşələrdən biri hesab olunduğunu, Azərbaycanda müəllim əməyinə və şəxsiyyətinə daim yüksək qiymət verildiyini bildirmiş, müstəqil dövlətimizin gələcəyinin müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan daha çox asılı olduğunu vurğulamışdır. O, ümummilli liderimiz Heydər Əliyevin müəllim əməyinə həmişə xüsusi ehtiram və hörmətlə yanaşdığını xatırladaraq, ulu öndərin “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, eyni zamanda xalqına, millətinə qəhrəmanlıq gətirən insanlardır. Həqiqi müəllim adını daşıyan insan həmişə, tarixin ən çətin dövrlərində də dəyanətli, dözümlü olub, mənəviyyatını hər şeydən üstün tutub” fikirlərini müəllimlərin əməyinə verilən ən yüksək qiymət kimi səciyyələndirmişdir.
Yığıncaqda çıxış edənlər zəngin maarifçilik ənənələri olan Şəkidə təhsilə, elmə tarixən yüksək münasibət bəslənildiyini xüsusi vurğulamışlar. Bildirilmişdir ki, Cənubi Qafqazda ilk qəza məktəbi 1830-cu ildə Şuşada, bir il sonra, 1831-ci ildə isə Şəkidə açılmışdır. 1894-cü ildə Şəkidə ilk qız məktəbi fəaliyyətə başlamışdır. Hazırda Şəki rayonunda fəaliyyət göstərən 100 ümumtəhsil məktəbində təhsil alan 31 minə yaxın şagirdin təlim-tərbiyəsi ilə 4892 müəllim məşğul olur. Son illər Şəki müəllimlərindən 2 nəfəri “Tərəqqi” medalı ilə təltif olunmuş, 3 nəfər isə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Prezident İlham Əliyevin son sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunanlar arasında Oxud kənd məktəbinin müəllimi Qəni Abdullayevin də adının olması Şəki müəllimlərinin əməyinə verilən yüksək qiymətdir.
Prezident İlham Əliyevin, habelə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycan təhsilinin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsindəki xidmətlərini yüksək qiymətləndirən yığıncaq iştirakçıları dövlətimizin başçısının müəllimlərin əmək haqlarının artırılması və qabaqcıl təhsil işçilərinin mükafatlandırılması haqqında imzaladığı son sərəncamların hər bir təhsil işçisinin ürəyincə olduğunu vurğulamış, bu diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.
Yığıncağın sonunda gənc nəslin təlim-tərbiyəsində fərqlənmiş müəllimlərə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilmişdir.