ŞƏKİDƏ “İPƏK BAYRAMI”NA HAZIRLIQ İŞLƏRİ BAŞA ÇATIR
Təşkilat komitəsinin üzvü, şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Şəki ilə qardaşlaşmış Bolqarıstanın Qabrovo və Türkiyənin Lapseki şəhərlərinin bayramda iştirak edəcək nümayəndə heyətlərinin tərkibi artıq təşkilat komitəsinə təqdim olunmuşdur. Tədbirdə digər xarici ölkələrdən gəlmiş qonaqlar, habelə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, bədii kollektivlər də iştirak edəcəkdir.
Bayramın musiqisini tanınmış bəstəkar Şəfiqə Axundova bəstələmişdir. Mahnını “Qala” instrumental ansamblı ifa edəcəkdir. Bayramın emblemi əks olunmuş suvenir və hədiyyələr, bukletlər də artıq hazırlanmışdır. Bayramla əlaqədar hazırda Şəki şəhərində xüsusi tərtibat işləri görülür.
Avqustun 26-da səhər saatlarında şəhərin Olimpiya meydanında başlayacaq bayram tədbiri sonra Yuxarı Karvansara binasının həyətində davam etdiriləcəkdir. Burada qonaqlar “İpək bazarı” ilə tanış olacaq, “Şəki bazarı” teatrlaşdırılmış səhnəciyinə baxacaqlar. Şəki xanlarının sarayı ilə tanışlıqdan sonra isə qonaqlar “Şəki-İpək” ASC-də yeni yaradılmış “İpək muzeyi”nin açılışında iştirak edəcək, kamera musiqisinə qulaq asacaqlar. Burada qısa mətbuat konfransı da keçiriləcəkdir.
Bayram tədbiri həmin gün axşam şəhərin mərkəzi meydanında təşkil ediləcək geniş konsert proqramı və atəşfəşanlıqla başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]