Şəkidə keçirilən tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri barədə məlumat verilib
Bakı, 14 iyun, AZƏRTAC
BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə xarakterli tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupun məsul əməkdaşı, rayon üzrə komissiyanın nümayəndələri, məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri, psixoloqlar, YAP fəalları, gənclər və tələbələr iştirak ediblər.
Narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun hazırladığı “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.