ŞƏKİDƏ ULU ÖNDƏRİN ABİDƏSİNİN VƏ HEYDƏR ƏLİYEV MUZEYİNİN TƏNTƏNƏLİ AÇILIŞI OLMUŞDUR
Şəhər icra hakimiyyəti binasının qarşısına, ulu öndərimizin adını daşıyan meydana toplaşan minlərlə şəkili dahi şəxsiyyətin burada ucaldılmış möhtəşəm abidəsinin açılışını böyük sevinc və fərəhlə qarşılamışdır. Postamentlə birlikdə hündürlüyü 6 metrdən çox olan əzəmətli abidənin müəllifi şəkili heykəltəraş Əsgər Kərimovdur.
Mərasimi açan şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə və doğma Vətəninin qüdrətlənməsinə həsr edən dahi şəxsiyyətin əvəzsiz tarixi xidmətlərindən ətraflı bəhs etdi, iki ildir ki, Tanrı dərgahına qovuşmuş ulu öndərimizin əziz və nurlu xatirəsinin daim qəlblərdə yaşayacağını, onun müqəddəs ruhunun xalqımızın yoluna həmişə işıq saçacağını vurğuladı.
Natiq daha sonra dedi ki, xalqımızın böyük xoşbəxtliyidir ki, biz yalnız keçmişimizlə deyil, bu günümüzlə də fəxr edirik. Çünki ulu öndərimizin bizə əmanət etdiyi müstəqil Azərbaycan dövləti və onun böyük uzaqgörənliklə işləyib hazırladığı siyasi xətti uğurla davam və inkişaf etdirən Prezidentimiz İlham Əliyev vardır. Qədirbilən xalqımız ulu öndərimizin əziz xatirəsini daim böyük ehtiramla yad etdiyi kimi, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti də bəyənərək dəstəkləyir, Prezidentimizin ətrafında daha sıx birləşərək, bu siyasətin reallaşmasına öz töhfəsini verir.
Açılış mərasimində Azərbaycan MEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov, Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının dekanı, YAP Şəki təşkilatı Qadınlar şurasının sədri Zərinə Cavadova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Şəki şöbəsinin sədri Məmmədnuru Əzizov çıxış edərək, şəhər ictimaiyyətini əlamətdar hadisə münasibətilə təbrik etdilər, ulu öndərin müqəddəs ruhu qarşısında baş əydiklərini bildirdilər.
Sonra məktəblilərin ifasında dahi rəhbərə həsr olunmuş şeirlər səsləndi.
Mərasim iştirakçıları böyük öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq, abidənin önünə əklillər qoydular, təzə-tər güllər düzdülər.
X X X
Elə həmin gün Şəki Olimpiya İdman Kompleksinin qarşısında, iki hektarlıq ərazidə şəhər bələdiyyəsinin və rayon ictimaiyyətinin yaxından köməyi ilə salınmış yeni parkda ulu öndərin büstünün və Heydər Əliyev muzeyinin təntənəli açılışı oldu. Şəhərin minlərlə sakininin toplaşdığı mərasimdə icra hakimiyyətinin başçısı Nazim İbrahimov, Milli Məclisin deputatı Yaqub Mahmudov, Şəki bələdiyyəsinin sədri Gülnaz Salamova çıxış etdilər.
Muzeyin açılışını bildirən rəmzi lent kəsiləndən sonra mərasim iştirakçıları ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiya ilə tanış oldular.