Səkkiz ayda “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub
Bakı, 29 iyul, AZƏRTAC
Sosial Xidmətlər Agentliyi tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı sosial dəstək tədbirlərini həyata keçirmək məqsədilə 2020-ci ilin noyabr ayından psixoloji dəstək tədbirlərinə başlanılıb. Müharibə dövründə zərərçəkmiş mülki əhali ilə psixo-sosial işlər aparılıb.
Ötən il noyabrın 18-də ilk olaraq Gəncə, Bərdə, Tərtər, Yevlax, Ağdam rayonları istiqamətində psixoloji xidmətlərə başlanılıb. Daha sonra ölkə ərazisi əhatə olunub. Fevralın 28-nə kimi psixoloq və psixiatrlar tərəfindən 3 minə yaxın ailəyə səfər edilərək ailə üzvlərinə ilkin psixo-sosial dəstək göstərilib, ailə üzvlərinin psixoloji ehtiyacları müəyyənləşdirilərək ehtiyacı olan ailə üzvləri ilə davamlı psixoloji konsultasiyalar keçirilib. Onlardan 2455 ailə hərbi şəhid ailəsi, 51 ailə mülki şəhid ailəsi, 445 ailə isə yaralı hərbçilər və onların ailə üzvləri olub.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentlikdə 2021-ci ilin 6 ayının yekunlarına və postmüharibə dövründə sosial xidmətlərə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, noyabrın 19-dan müharibədən zərər çəkən şəxslərə yaşadıqları stres, travma kimi psixoloji problemlərin aradan qaldırılmasında psixoloji xidmətin hər an əlçatan olması məqsədilə səsli və ya görüntülü şəkildə göstərilən “Onlayn psixoloji dəstək xətti - 050 406 75 85” fəaliyyətə başlayıb. Psixoloji dəstəyə ehtiyac duyan hər bir vətəndaş bu nömrə ilə əlaqə saxlayaraq onlayn şəkildə psixoloji dəstək ala bilər.
Ötən il noyabrın 19-dan bu il iyunun 30-dək “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub.