SƏMƏD VURĞUNUN YUBİLEYİ TEHRANDA QEYD OLUNMUŞDUR
Cəmiyyətin rəhbərlərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Müzəffər Derəfşi tədbiri açaraq, şairin həyat və yaradıcılığından danışmışdır. Qeyd etmişdir ki, şairin 1940-cı illərin əvvəlində, Rza şah Pəhləvi rejimi dövründə, yazdığı “Yandırılan kitablar” əsəri Cənubi Azərbaycanda ümid işığı kimi qarşılanmışdır.
Tehranda nəşr edilən “Azəri” jurnalının redaktoru Həsən İldırımın “Səməd Vurğun yaradıcılığının ədəbiyyatımıza təsiri” mövzusunda məruzəsi mərasim iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Qocaman şair Haşım Tərlan, Zəncanda nəşr olunan “Bəhare-Zəncan” qəzetinin redaktoru, 6 cildlik Azərbaycan ədəbiyyatı tarixinin müəllifi Məhəmmədrza Kərimi, folklorçu Güneyli Məhəmmədxani, şairlərimizin şeirlərini ərəb əlifbasına çevirən Şükufə xanım Şükuhi və başqaları Səməd Vurğun yaradıcılığının fars poeziyası, Azərbaycan folkloru ilə qarşılıqlı əlaqələrindən, əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən söz açmışlar.
Yubiley mərasimində tanınmış aktyor Atəş Təğipur şairin şeirlərindən nümunələr səsləndirmiş, aşıqlar-Məhbub Xəlili, Bulud Cavadi, Əsgər Bağeri, Əhəd Əlişahi şairin şeirlərini saz havası üstündə ifa etmişlər.
Tədbirin sonunda ölkəmizin İrandakı səfirliyinin müşaviri Cavanşir Vəkilov yubileyin keçirilməsinə şərait yaratdığına görə İran rəhbərliyinə minnətdarlığını bildirmiş, qonşu ölkələrimizin prezidentləri İlham Əliyevin və Mahmud Əhmədinejadın görüşlərinin əhəmiyyətindən danışmışdır.