Seminarda atmosferə atılan qaz həcmlərinin ölçülməsinin iki yeni metodu əyani şəkildə nümayiş olunub
Bakı, 10 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsinin ekoloji ölçmə və tullantıların idarə olunması departamentində “Atmosferə atılan qaz həcmlərinin instrumental metodla ölçülməsi üzrə təcrübə mübadiləsi” mövzusunda seminar keçirilib.ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar Dövlət Neft Şirkətinin və Dünya Bankının “Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq” təşkilatı (GGPR) arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində reallaşdırılıb.
Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dünya Bankının Azərbaycan ofisinin, GGPR-in, həmçinin ARDNŞ-in istehsalat birliklərinin, neft-qaz emalı zavodlarının və ekologiya idarəsinin mütəxəssisləri iştirak ediblər. İştirakçılar şamda yandırılan qaz həcmlərinin ölçülməsində tətbiq edilən yeni avadanlıqlar haqqında məlumatlandırılıb. Seminarda, həmçinin ARDNŞ-in Heydər Əliyev adına Bakı neft emalı zavodunun məşəl təsərrüfatı nümunəsində “Alovun foto-çəkilişləri əsasında məşəldə yandırılma həcminin təyini” və H.Z.Tağıyev adına neft və qazçıxarma idarəsinin bir quyusunda “Boruarxası qazların həcminin təyini” metodları əyani şəkildə nümayiş etdirilib.