Seminarda yeni turizm sahəsinin inkişafından danışılmışdır
Bakı, 6 oktyabr (AZƏRTAC). “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən (İB) AZƏRTAC-a bildirmişlər ki, qurum “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi çərçivəsində oktyabrın 5-də Azərbaycan Turizm İnstitutunda seminar keçirmişdir.
Azərbaycanda “Turizm ili” elan olunan 2011-ci ildə gerçəkləşdirilən bu layihə və eləcə də, layihə çərçivəsində keçirilən seminarların məqsədi Azərbaycanda arxeoloji turizmin inkişafına nail olmaq, tarixi abidələrimizə diqqəti artırmaq, onların qorunmasını təmin etmək, arxeologiya elminə marağı genişləndirməkdir.
Seminarda Birliyin və onun fəaliyyəti haqqında məlumat verilmiş, Azərbaycanda yeni sahə olan arxeoloji turizmin ənənəvi turizmdən fərqi, layihə çərçivəsində görülmüş və görüləcək işlərdən danışılmışdır.
“Miras” İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Arxeoloji mirası qorumaq və təbliğ etmək üçün onu sevmək və sevdirmək lazımdır" mövzusunda görüntülü təqdimatla çıxış etmişdir.
Tarix elmləri doktoru, Ağsu arxeoloji ekspedisiyasının rəisi professor, Qafar Cəbiyev seminar iştirakçılarına müstəqillik illərində Azərbaycanda arxeoloji abidələrin tədqiqi sahəsində əldə edilən uğurlar haqqında məlumat vermiş, hazırda ölkəmizin ərazisində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi ilə 40-a yaxın arxeoloji tədqiqatın aparıldığını, xarici mütəxəssislərin Azərbaycan arxeologiyasına marağını və bilavasitə bu tədqiqatlara qatıldığını qeyd etmişdir.
Seminarda, həmçinin layihə çərçivəsində hazırlanmış archaeotourism.az saytı təqdim olunmuşdur. Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilmişdir.
######
