Şəmkirdə mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Şəmkir, 20 iyul, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəxs və ya şəxslərin oğurluq etməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, rayon sakinləri Aytəkin Nağıyev və Həsrət Rüstəmov iyulun 14-dən 15-nə keçən gecə qonşuluqdakı şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq, oradan ümumi dəyəri 25 min manat təşkil edən qızıl-zinət əşyalarını oğurlayıblar. Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.