SENSASİYA BAŞ VERMƏDİ - GÜCLÜ QALİB GƏLDİ
Bakı, 12 avqust (AZƏRTAC). Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində futbol üzrə Azərbaycan və Almaniya yığma komandaları arasında görüş keçirilmişdir.
Azərbaycan yığması oyuna bu heyətlə çıxmışdır: Fərhad Vəliyev, Rail Məlikov, Rəşad Sadıqov, Saşa Yunisoğlu, Elnur Allahverdiyev, Vaqif Cavadov, Aleksandr Çertoqanov, Samir Abbasov, Mahir Şükürov, Elvin Məmmədov, Vüqar Nadirov.
Almaniya yığmasını Robert Enke, Per Mertezaker, Filip Lam, Sərdar Taşçı, Marsel Şefer, Tomas Xittslşperger, Petr Troxovski, Bastian Şvaynştayger, Mixael Ballak, Mario Qomes, Miroslav Kloze təmsil etmişlər.
Oyunu irlandiyalı Alan Kelli, Mark Duqlas, Demien Makqraddan ibarət hakimlər briqadası idarə etmişdir.
Görüş meydan sahiblərinin hücumları ilə başlanmış, sonra Almaniya futbolçuları üstünlüyü ələ almışlar. Bastian Şvaynştayger, Mixael Ballak, Miroslav Kloze Azərbaycan yığma komandasının qapısı qarşısında bir neçə təhlükəli anlar yaratmışlar. 12-ci dəqiqəyə qədər komandamızın müdafiəçiləri tanınmış rəqiblərinin hücumlarının qarşısını ala bilmişlər. Fərhad Vəliyevin qapısına topu Şvaynştayger vurmuşdur.
Fasilədən sonra oyun tərzi dəyişməmişdir - almanlar hücum etmişlər, Azərbaycan futbolçuları isə nadir əks-hücumlarla cavab vermişlər. Oyunun 54-cü dəqiqəsində yığma komandamızın qapısına növbəti topu Kloze vurmuşdur.
Beləliklə sensasiya baş verməmişdir, güclü komanda 2:0 hesabı ilə qalib gəlmişdir.
######
![]() |
![]() |

