Serbiya-Azərbaycan münasibətləri tarixinin ən yüksək mərhələsini yaşayır ŞƏRH VİDEO
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycanın Avropa qitəsində, xüsusilə Balkan yarımadasında ən etibarlı və güvənilən tərəfdaşlarından biri məhz Serbiyadır. Serbiya ilə Azərbaycan arasında münasibətlər ümumilikdə müsbət xarakter daşıyır və xüsusilə son illərdə daha da inkişaf edib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O bildirib ki, iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq mövcuddur və bu, artan dinamika ilə davam edir. Xüsusilə dövlət başçıları səviyyəsində münasibətlərin, qarşılıqlı dostluğun və şəxsi əlaqələrin güclənməsi dövlətlərarası münasibətlərə də müsbət təsir göstərir. Qarşılıqlı səfərlər zamanı yüksəksəviyyəli protokol qaydalarının tətbiqi və xüsusi ehtiramın nümayiş etdirilməsi münasibətlərin strateji xarakter daşıdığını göstərən vacib məqamlardandır.
“Hazırda Serbiya-Azərbaycan münasibətlərinin tarixinin ən yüksək mərhələsini yaşadığını demək mümkündür. Xüsusilə enerji sektorunda ciddi əməkdaşlıq mövcuddur. Serbiya Azərbaycan qazının əsas alıcılarından biridir. Eyni zamanda, Azərbaycan qazının Mərkəzi Avropa istiqamətində şaxələndirilməsində mühüm rol oynayır. Həmçinin Serbiya da Azərbaycan ilə münasibətlərin qorunmasında və inkişaf etdirilməsində maraqlıdır. Bu münasibətlər özünü müxtəlif sahələrdə dəstək zamanı göstərir. Xüsusilə bərpa proseslərinə maraq göstərməsi, hərbi sənaye sahəsində əməkdaşlıq imkanlarının araşdırılması və müdafiə sənayesi istiqamətində birgə addımların atılması diqqət çəkən məqamlardandır. Mövcud dinamikanın gələcəkdə də, xüsusilə enerji sahəsində olmaqla, davam edəcəyi gözlənilir.
Bundan başqa, Prezident İlham Əliyevin Serbiyaya son səfəri zamanı Azərbaycan Prezidentinin təyyarəsinin Serbiya hava məkanına daxil olarkən və hava məkanını tərk edərkən Serbiya döyüş təyyarələri tərəfindən müşayiət olunması xüsusi diqqət çəkən protokol jesti idi. Bu, iki ölkə arasındakı yüksəksəviyyəli münasibətlərin bariz göstəricisidir”, - deyə politoloq vurğulayıb.