Sərgidə tullantılardan hazırlanmış əsərlər nümayiş etdirilir
Bakı, 4 iyun (AZƏRTAC). Heydər Əliyev Fondu, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qala qəsəbəsində iyunun 1-də rəsmi açılışı olmuş “Tullantıdan sənətə” beynəlxalq sərgisi davam edir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sərgidə ətraf mühitə diqqəti artırmaq və planetimizin ekoloji sağlamlığına məsuliyyətli yanaşmanı təbliğ etmək məqsədi ilə rəssamlar tullantılardan incəsənət əsərləri yaratmışlar. Onlar əsərləri ilə, həm də ictimaiyyətin diqqətini tullantıların təsiri nəticəsində yaranan ekoloji problemlərə yönəltmə vasitəsi kimi istifadə etmişlər.
Beynəlxalq sərgidə məşhur rəssamlardan Hans Şultun (Almaniya) “Tullantı layihəsi”, Mara Qoldvin və Maks Qassmanın (ABŞ) qəzet və polietilen parçalarından hazırladığı “Xalça”, Marta Yeku və Aleksandra Potekanın (Rumıniya) ev təsərrüfatında istifadəyə yararsız texnika, əşya, qab-qacaq və geyimdən hazırladığı “Qızıl tullantı”, Yan Korbesin (Almaniya) istifadə olunmuş şinlərdən hazırladığı “Yumşaq mebel” və “Motosikl” kompozisiyaları, tanınmış yerli rəssamlardan isə Rəşad Ələkbərovun plastik butulka və borulardan hazırladığı “Milli motivlər” adlı rəsm əsərləri, Dadaş Məmmədovun zibil qutularından hazırladığı “Palitra” kompozisiyası nümayiş etdirilir.
Sərgi “Azərbaycan İncəsənət Konsulluğu” (ArtsCouncil Azerbaijan) İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Vətəndaşlar iyun ayının 10-dək hər gün Qoşa Qala qapısının önündən hərəkət edən avtobuslarla sərgiyə gedə bilərlər.