ŞƏT çərçivəsində əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verir – ŞƏRH
Bakı, 31 avqust, AZƏRTAC
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) NATO-ya bənzər şəkildə yaradılmayıb və nə hərbi, nə də iqtisadi blokdur. Bu, birgə layihələrin razılaşdırılması və həyata keçirilməsi üçün dövlətləri birləşdirən təşkilatdır. Dünya əhalisinin 40 faizindən çoxunun yaşadığı ölkələri birləşdirən ŞƏT təkcə üzv dövlətlərin deyil, digər ölkələrin də böyük diqqətini cəlb edir. Hər şeydən əvvəl, bu təşkilat birgə layihələrin razılaşdırılması və həyata keçirilməsi üçün zəruridir.
Bunu AZƏRTAC-a Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrebtsova deyib.
O vurğulayıb ki, Azərbaycan üçün həm də logistika marşrutları ilə bağlı maraqlarının ŞƏT-ə üzv ölkələrlə razılaşdırılması, eləcə də birgə layihələrin həyata keçirilməsi vacibdir.
“Azərbaycan üçün öz maraqlarının, o cümlədən logistika marşrutlarının bu təşkilatın ölkələri və üzvləri ilə razılaşdırılması, birgə layihələrin isə bilavasitə həyata keçirilməsi vacibdir. Bu, Azərbaycanın Cənubi Qafqazda bir növ mərkəzi logistika qovşağına çevrilməsinə və ümumi dünya gündəliyinə daxil olmasına imkan verəcək”, – deyə Darya Qrebtsova bildirib.
Hazırda Şanxay Əməkdaşlıq Təşkilatının Qərbin diqqətini cəlb etdiyini vurğulayan politoloq deyib: “ŞƏT üzvlərinin öz çıxışlarından da məlum olduğu kimi, bu təşkilat Qərbə qarşı yönəlmiş koalisiya deyil. Əksinə, təşkilat çoxqütblü dünyanın və hər bir dövlətin suverenliyinin tərəfdarıdır”.