Səudiyyə Ərəbistanı bir neçə ölkəyə səyahəti qadağan edib
Qahirə, 3 iyul, AZƏRTAC
Həcc ziyarətinə hazırlıq görən Səudiyyə Ərəbistanı COVID-19 pandemiyasının, xüsusən təhlükəli Hindistan ştamının yayıldığı bir neçə ölkəyə səyahəti qadağan edib.
AZƏRTAC xəbər verir ki, rəsmi SPA agentliyi krallığın Daxili İşlər Nazirliyinin daha 4 ölkəyə - qonşu Birləşmiş Ərəb Əmirlikləri, habelə Əfqanıstan, Efiopiya və Vyetnama səyahətləri qadağan etdiyi barədə məlumat yayıb. Artıq iyulun 4-dən bu ölkələrə aviareyslər dayandırılacaq.
Agentliyin xəbərində qeyd olunub ki, son sutkada Səudiyyə Ərəbistanında COVID-19-a 1338 yoluxma və 16 ölüm faktı qeydə alınıb. Eyni zamanda, virusun digər təhlükəli variantlarının olmadığı da bildirilib.
Körfəzin ərəb ölkələri arasında koronavirusun daha çox yayıldığı Birləşmiş Ərəb Əmirliklərində son sutkada 1663 yoluxma və 6 ölüm qeydə alınıb. Hindistanlı əmək miqrantlarının çoxluq təşkil etdiyi bu ölkədə COVID-19-un daha təhlükəli ştamının yayılmaması üçün ciddi tədbirlər görülür.
Pandemiya ilə bağlı ən ağır vəziyyət Tunisdədir. Belə ki, son sutkada bu ölkədə COVID-19-a 5882 nəfər yoluxub, 114 pasiyent isə vəfat edib. Qonşu dövlətlər və Avropa İttifaqı Tunisə tibbi ləvazimat və yeni növ koronavirus əleyhinə vaksin göndərirlər.
Əhalisinin sayı az olan Küveytdə də pandemiya ilə bağlı vəziyyət ağırdır. Son sutka ərzində bu ölkədə 1895 yoluxma, 16 ölüm faktı qeydə alınıb. Digər ərəb ölkələrində vəziyyət nisbətən sabitdir. Belə ki, son sutkada Misirdə 242 yoluxma və 25 ölüm, Əlcəzairdə 475 yoluxma və 9 ölüm faktları qeydə alınıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə