Səudiyyə Ərəbistanında Dördüncü Sənaye İnqilabı Mərkəzi açılıb
Qahirə, 29 iyul, AZƏRTAC
Səudiyyə Ərəbistanının Kommunikasiyalar və İnformasiya Texnologiyaları Nazirliyi Dünya İqtisadi Forumu ilə birgə Dördüncü Sənaye İnqilabı Mərkəzi təsis edib.
AZƏRTAC xəbər verir ki, mərkəzin açılışı mərasimində səudiyyəli nazir Abdulla əl-Svahə və Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab çıxış ediblər.
Yeni profilli mərkəzin yaradılmasının Yaxın Şərq və ərəb ölkələrinin gələcək inkişafında əhəmiyyətindən bəhs edən natiqlər vurğulayıblar ki, dördüncü sənaye inqilabı dövründə yüksək texnologiyaların, xüsusən süni intellektin tətbiqi iqtisadi tərəqqini təmin etməklə yanaşı, həm də ətraf mühitin mühafizəsində mühüm rol oynayacaq. K.Şvab bu mühüm mərkəzin yaradılmasını geniş maliyyə resurslarına malik olan Səudiyyə Ərəbistanının gələcək iqtisadi, elmi və texnoloji inkişafında mühüm mərhələ adlandırıb.
Dördüncü Sənaye İnqilabı Mərkəzinin tərkibində Səudiyyə Ərəbistanı üzrə məlumat bazası, süni intellekt departamenti, kibertəhlükəsizlik və rəqəmsal hökumət sektorları, tədqiqatlar və innovasiyalı inkişaf bölmələri fəaliyyət göstərəcək. ABŞ və Avropanın ən qabaqcıl texnoloji mərkəzləri ilə əməkdaşlıq edəcək mərkəzin səmərəli fəaliyyətini təmin etmək məqsədilə yüksək texnologiyalar üzrə ən son nümunələr alınıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə