SİYASƏT
Səudiyyə Ərəbistanının nəşri Qarabağla bağlı silsilə materiallar dərc edib


Bakı, 2 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının Londonda çap olunan nüfuzlu “Əş-Şərq əl-Avsət” qəzetində Azərbaycanın öz suverenliyini tam bərpa etdiyi Qarabağda gedən son proseslər barədə silsilə materiallar dərc edilib.
AZƏRTAC ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyinin mətbuat açıqlamasına istinadla xəbər verir ki, “Əş-Şərq əl-Avsət” qəzetinin oktyabrın 2-də dərc olunmuş “BMT-nin onilliklər ərzində humanitar ehtiyacları qiymətləndirmək üçün Qarabağa ilk missiyası” sərlövhəli materialında 30 il ərzində Azərbaycanın bu ərazilərinə nəzarət edən erməni separatçılarının ötən həftə Bakının antiterror tədbirlərindən sonra silahlarını təslim etməyə və qondarma hökumətlərini buraxmağa razılıq verməsi diqqətə çatdırılıb. “Qarabağdakı separatçı hakimiyyətin bu addımı ermənilərin həmin əraziləri birləşdirmək kimi çoxəsrlik arzusunu puça çıxardı. Rəsmi Bakı bildirir ki, artıq Azərbaycanın miqrasiya orqanlarına bağlı bir qrup Qarabağın Xankəndi şəhərinə gələrək, reinteqrasiya ilə bağlı yerdə qalan erməni əhalisinin qeydiyyatını aparır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ ermənilərinin hüquqlarına tam hörmət ediləcəyini bildirib, eyni zamanda, onun “dəmir yumruğu” separatçıların Qarabağda “müstəqil erməni dövləti” yaratmaq ideyasını darmadağın edib”.
Qəzetin dərc etdiyi xəbərlərdə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında “24 saatdan az davam edən antiterror tədbirlərinin həyata keçirilməsi zamanı hərbi obyektlərin hədəf alınmadığını, mülki əhalinin zərər görmədiyini bildirib. Oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Dağlıq Qarabağdakı yüksək rütbəli şəxslər terrorçuluq fəaliyyətlərində iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.
“Əş-Şərq əl-Avsət” qəzetinin şərhçisi Əhməd Mahmud Acacın “Qarabağ müharibəsi tarixin gedişinə düzəliş edib və enerji təhlükəsizliyini gücləndirib” sərlövhəli analitik məqaləsində Birinci və İkinci Qarabağ müharibələrinin tarixi, onların səbəb və nəticələrindən ətraflı bəhs olunub. Müəllif yazıb ki, Azərbaycan ordusunun lokal xarakterli son antiterror tədbirlərindən sonra regional əməkdaşlıq, habelə Avropanın Mərkəzi Asiya, Uzaq Şərq ilə ticarət əlaqələrinin inkişafında yeni mərhələnin başlanması imkanları yaranıb. O qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin uzun müddət davam etməsi, ilk növbədə, Qərbin maraqlarına ziddir. Bakı ilə İrəvan arasında dayanıqlı sülhün təmin edilməsi və müvafiq sazişin imzalanması həm də Ermənistanın sosial-iqtisadi inkişafına şərait yaradacaq.