Seulda ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Koreyada müvəqqəti və daimi yaşayan azərbaycanlıların iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ümummilli lider Heydər Əliyevin həyat yoluna, azərbaycançılıq ideyasına həsr olunmuş film nümayiş etdirilib.
Səfir Rəmzi Teymurov ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində önəmli rolundan danışıb. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin çox çətin bir dövrdə ölkəyə rəhbərlik etdiyini vurğulayan diplomat, yenicə bərpa etdiyimiz müstəqilliyi itirmək təhlükəsi ilə üzləşdiyimiz dövrdə görkəmli dövlət xadiminin Naxçıvandan Bakıya gəldiyini və qısa zamanda ölkədə tüğyan edən hərc-mərcliyə, özbaşınalığa, hakimiyyətsizliyə son qoyduğunu, Azərbaycanı bütün sahələrdə inkişaf etdirməklə ölkəmizi bütün dünyaya tanıtdırmağa nail olduğunu bildirib.
R.Teymurov Azərbaycanın uğurlu xarici və daxili siyasətinin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu və onun qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Koreyanın Busan Dövlət Universitetinin biologiya elmləri üzrə professoru İsmayıl Zülfüqarov ümummilli lider Heydər Əliyevin uğurlu həyat yolundan, onun Azərbaycan dövlətçiliyinə, mədəniyyətinə, iqtisadiyyatına verdiyi töhfələrdən danışıb.
Tədbirdə digər çıxış edənlər də Ulu Öndər barədə ürək sözlərini bildiriblər.