İQTİSADİYYAT
SİF pandemiyadan zərər çəkmiş sahibkarlara 73 milyon manatdan çox faiz subsidiyası ödəyib
![SİF pandemiyadan zərər çəkmiş sahibkarlara 73 milyon manatdan çox faiz subsidiyası ödəyib](/files/2024/1/1200x630/17054773682916246920_1200x630.jpg)
Bakı, 17 yanvar, AZƏRTAC
Ötən il verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,8%-i, kreditin məbləği üzrə isə 91,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Sahibkarlığın İnkişafı Fondunun İdarə heyətinin sədri Osman Xaliyev fondun ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
O.Xaliyev vurğulayıb ki, pandemiyadan zərər çəkmiş sahibkarlara verilmiş dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi 2023-cü ildə də davam etdirilib.
“Ümumilikdə dəstək proqramı çərçivəsində 31 dekabr 2023-cü il tarixinədək 52 milyon manat ödənilib. Bununla yanaşı, pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi məqsədilə 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10% bəndi həcmində subsidiyalar verilməsi davam etdirilib. Proqram çərçivəsində 31 dekabr 2023-cü il tarixinə kredit qalıq məbləği 893,4 milyon manat olan 5071 müraciətə 73,3 milyon manat faiz subsidiyası ödənilib”, - deyə Osman Xaliyev əlavə edib.