Şimal bölgəsində məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunub
Xaçmaz, 17 yanvar, Elxan Yusifli, AZƏRTAC
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 17-dən başlayaraq Şimal bölgəsində olan 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar və 61 saylı Qusar seçki dairələri üzrə məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunub.
Seçki dairələrindən bildirilib ki, treninqlər Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanan cədvələ əsasən, təxminən 40 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə qruplar şəklində keçirilir. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.
Prezident seçkilərinin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsində müstəsna rolu olan treninq layihəsi, ümumilikdə, 38 minə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.
Treninqlər seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq 3-10 gün ərzində keçiriləcək.