Şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir
Bakı, 19 iyun (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin göstərişlərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) və əlaqədar dövlət qurumları ölkənin şimal-qərb bölgəsində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində kompleks tədbirləri davam etdirirlər.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, həyətlərdə quraşdırılmış çadırlarda, çadır şəhərciklərində zərər çəkmiş ailələrin minimum yaşayış ehtiyaclarının ödənilməsi üçün bütün zəruri tədbirlər görülür, əhalinin sağlamlığı qeydinə qalınır. Təbii fəlakət nəticəsində dəymiş ziyanın dəqiqləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi, rayonların fövqəladə hallar komissiyaları və əlaqədar dövlət qurumları tərəfindən zərər çəkmiş ərazilərdə monitorinqlər aparılır.
İyunun 13-nə olan məlumata görə, işçi qrupları tərəfindən fəlakət bölgəsində 18 min 669 evə baxış keçirilmişdir. Məlum olmuşdur ki, yeraltı təkanlar nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında 2813 fərdi ev qəzalı vəziyyətə düşmüşdür. Bundan əlavə, 3342 evin bərpa və gücləndirməyə, 5647 evin isə təmirə ehtiyacı olduğu müəyyənləşdirilmişdir. Baxış keçirilmiş 6867 evin vəziyyəti qənaətbəxş hesab edilmişdir.
Eyni zamanda, yeraltı təkanlar nəticəsində zəlzələ bölgəsində 104 sosial təyinatlı obyekt qəzalı vəziyyətə düşmüş, 98 obyektdə bərpa-gücləndirmə işləri aparılmalı, 134 sosial obyekt isə təmir olunmalıdır.
Sökülməsinə başlanmış qəzalı evlərin və məktəb binalarının 70 faizində işlər başa çatdırılmış, ərazi təmizlənərək tikintiyə başlanması üçün hazır vəziyyətə gətirilmiş, həmçinin layihələndirmə işləri aparılır.