ELM VƏ TƏHSİL
Şimali Kipr Doğu Akdeniz Universitetində akademik gənclər forumu keçirilmişdir
![Şimali Kipr Doğu Akdeniz Universitetində akademik gənclər forumu keçirilmişdir](/files/2013/3/1200x630/14071451135128211115_1200x630.jpg)
Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 1-dən 5-dək Şimali Kiprin Doğu Akdeniz Universitetində (DAU) Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşkilatçılığı ilə I Akademik gənclər forumu keçirilmişdir.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 25 ölkənin təmsilçilərinin qatıldığı forumun açılışında çıxış edən AKDC-nin sədri Orxan Həsənoğlu tədbirin məqsəd və əhəmiyyətindən danışaraq demişdir: Əsas məramımız gənclər arasında elmi əlaqələrin, ölkələrarası akademik iş birliyinin inkişaf etdirilməsi və gənclərin potensialından istifadə olunması, müasir Azərbaycan dövlətinin siyasətinin dəstəklənməsidir. Şimali Kipr bir təhsil adasıdır. Buraya dünyanın hər yerindən tələbələr gəlirlər. Biz də ölkəmizi layiqincə təmsil etməyə çalışırıq.
Orxan Həsənoğlu birlik və sülhün sadəcə akademik həyatdan keçdiyini bildirərək Dağlıq Qarabağ probleminə də toxunmuşdur.
DAU-nun rektoru, professor Abdullah Öztoprak çıxışında belə bir foruma ev sahibliyi etdiklərindən məmnunluğunu dilə gətirmiş, təşkilatçılara təşəkkürünü bildirmişdir. Rektor hazırda DAU-da 98 müxtəlif ölkədən 16 minə yaxın tələbənin təhsil aldığını forum iştirakçılarının diqqətinə çatdırmışdır.
Şimali Kipr türklərinin lideri Dərviş Eroğlu ali təhsil və Kipr mövzusunda danışmışdır. Universitetin yaranma tarixindən söhbət açan D.Eroğlu tənzimləmələr və sağlam strategiyalarla ölkəyə gələn ümumi tələbə sayının 100 minə çatdırılacağına inandığını vurğulamışdır.
Forumun panellərində DAU Azərbaycan Tələbə Cəmiyyətinin prezidenti Toğrul İbrahimli, Şimali Kiprin tələbə birliklərinin rəhbəri Əkrəm Soyşen və digər xarici qonaqlar da çıxış edərək, diqqəti gəncliyin problemlərinə yönəltmişlər.
Sonda Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztopraq rəhbərlik etdiyi ali təhsil ocağı adından Şimali Kipr türklərinin lideri D.Eroğluya və AKDC-nin sədri O.Həsənoğluya gümüş plaket təqdim etmişdir.